AZ

Tələbə Gənclər Təşkilatları 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

Bakı, 21 yanvar, AZƏRTAC

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları (TGT) tərəfindən “Xalqın yaddaşında Qanlı Yanvar” həftəsi çərçivəsində silsilə tədbirlər həyata keçirilib.

Bu barədə AZƏRTAC-a ATGTİ-dən məlumat verilib.

Bildirilib ki, həftə çərçivəsində Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən TGT-nin

sədrləri və fəalları, eləcə də ATGTİ-nin İdarə Heyətinin üzvlərinin iştirakı ilə Şəhidlər xiyabanına kütləvi yürüş və ziyarət təşkil olunub, şəhidlərin xatirəsi dərin ehtiramla anılıb.

Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə “Sükutla anırıq” adlı incəsənət və yaddaş sərgisi keçirilib. Səssiz anım formatında təşkil olunan sərgidə tarixi fotoşəkillər və məlumat lövhələri nümayiş etdirilib. Tədbir 20 Yanvar həqiqətlərinin səssiz, lakin güclü emosional təsir vasitələri ilə ictimaiyyətə çatdırılması məqsədinə xidmət edib.

Azərbaycan Milli Konservatoriyasının və Gənclər Fondunun dəstəyi, ATGTİ-nin təşkilatçılığı ilə “Bir gecənin yaddaşı” adlı ədəbi-bədii tədbir təşkil olunub.

Tədbir çərçivəsində rəsmi çıxışlar, hadisələrin canlı şahidlərinin xatirələri, eləcə də bədii-musiqi kompozisiyaları vasitəsilə 20 Yanvar gecəsinin faciəvi mənzərəsi və xalqın milli iradəsi tələbə gənclərə mənəvi və emosional baxımdan təqdim edilib.

Bununla yanaşı, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən TGT tərəfindən “20 Yanvar: Azadlıq qazananlar”, “Unudulmayan qanlı Yanvar: Azadlıq uğrunda mübarizə”, “Tarixin qanlı səhifəsi”, “Qanlı Yanvar” mövzularında müxtəlif istiqamətli görüşlər keçirilib, gənclərə faciə haqqında ətraflı məlumat verilib.

Eyni zamanda, “Xalqın yaddaşında Qanlı Yanvar” həftəsi çərçivəsində sərgilər, film nümayişləri, ədəbi-bədii gecələr, dəyirmi masalar, konfranslar və digər maarifləndirici tədbirlər də keçirilib.

 

Seçilən
126
azertag.az

1Mənbələr