AZ

"Sülh Şurasında təsisçi üzv dövlət kimi təmsil olunmaq Azərbaycan üçün ciddi üstünlükdür"

"ABŞ-nin Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan yeni Sülh Şurasına Azərbaycanın təsisçi üzv dövlət kimi dəvət olunması müsbət hadisədir. Doğrudur, bu məsələ ətrafında beynəlxalq münasibətlər müstəvisində müəyyən fikir ayrılıqları mövcuddur. Lakin Azərbaycanın məhz Tramp tərəfindən bu quruma dəvət edilməsi, şübhəsiz ki, ölkəmizin beynəlxalq nüfuzuna müsbət təsir göstərir və yeni formalaşan beynəlxalq təhlükəsizlik sistemində Azərbaycanın yer alması anlamına gəlir".

Bu fikirləri politoloq Əli Mustafa Redaktor.az-a Donald Trampın Azərbaycanı Sülh Şurasına təsisçi üzv dövlət olmağa dəvət etməsindən danışarkən bildirdi.

Onun sözlərinə görə, belə bir ehtimal da irəli sürülür ki, bu Sülh Şurası zamanla inkişaf edərək BMT-ni əvəz edə bilər.

"Beynəlxalq ekspertlər arasında əsas mübahisə də məhz bu nöqtədə cəmlənir: Trampın məqsədi BMT-ni yeni bir beynəlxalq təşkilatla əvəz etməkdirmi? Əslində bu ehtimal tamamilə mümkündür və müəyyən qədər məntiqli görünür. Belə bir halda beynəlxalq təhlükəsizliyin qorunmasına yönəlmiş, yeni təhlükəsizlik arxitekturasında öz yerini tutacaq bir təşkilatda təsisçi üzv dövlət kimi təmsil olunmaq, sözsüz ki, Azərbaycan üçün ciddi üstünlük və avantajdır".

Müsahibimizin fikrincə, bu addım Azərbaycanın beynəlxalq imicinə də müsbət təsir göstərəcək.

"Tarixə nəzər salsaq, görərik ki, vaxtilə BMT-ni böyük dövlətlər yaratmış, sonradan digər ölkələr bu təşkilata qoşulmuşdu. İndi isə Azərbaycan yeni qurulan bir beynəlxalq təşkilatda məhz onu yaradan, yəni təsisçi dövlətlərdən biri kimi yer alacaq. Bütün hallarda bunu müsbət hadisə və Azərbaycana göstərilən təqdirəlayiq münasibət kimi qiymətləndirirəm. Düşünürəm ki, bu, Azərbaycanın həm beynəlxalq imicinin möhkəmlənməsinə, həm də təhlükəsizliyinin təmin olunmasına kifayət qədər ciddi töhfə verəcək", - deyə Əli Mustafa vurğuladı.

Xədicə BAXIŞLI

Seçilən
91
1
redaktor.az

2Mənbələr