Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan Sülh Şurasının təsisçi üzvlərindən biri olur. Rəsmi Bakı ABŞ Prezidenti Donald Trampın bununla bağlı dəvətini qəbul etdi. İndi suallar meydana çıxır ki, nədir bu Sülh Şurası? Azərbaycan bu platformada iştirakla nə qazanacaq? Əvvəla, ondan başlayaq ki, Sülh Şurası Donald Trampın elan etdiyi beynəlxalq idarəetmə strukturudur. Təşkilat Qəzza zolağının müharibədən sonrakı bərpası üçün nəzərdə tutulsa da, sonradan əhatə dairəsinin genişləndirildiyi məlum oldu. Yəni Sülh Şurası artıq digər qlobal münaqişələrin həllində də rol alacaq. Azərbaycanın isə bu platformada istirakı Prezident İlham Əliyevin yeni dünya nizamına strateji baxışının tərkib hissəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Arazxan Balayev söyləyib.
O qeyd edib ki, beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibədə dediyi kimi, “bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir”. Belə vəziyyətdə Azərbaycan, ilk növbədə, güclü olmalı və regionda, eləcə də qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycanın Sülh Şurasına daxil olması məhz bu strateji düşüncənin nəticəsidir.
Onun sözlərinə görə, Sülh Şurasını labüd edən amilllərdən biri dəyişən dünyada köhnə qaydaların artıq işləməməsidir. Mövcud beynəlxalq təşkilatlar problemlərin həllində aciz qalır. Çevik reaksiya və işlək mexanizmlər yoxdur. Pozulan dünya nizamında BMT-nin prosesləri acizliklə izləməsi və fəaliyyətsizliyi artıq yeni təşkilatlanmaya ehtiyac olduğunu göstərdi. Belə bir vaxtda ABŞ Prezidentinin Sulh Şurasını yaratması gələcəkdə formalaşacaq yeni dünya nizamının ilk işartıları kimi qəbul edilməlidir. Tramp artıq yeni nizamı kimlərlə quracağına da qərar verib. Azərbaycanın da bu ölkələr sırasında olması gözlənilən idi. Birincisi, ona görə ki, dünyanı gücün idarə etdiyi bir dövrdə güclü Azərbaycana ehtiyac var. Digər səbəb isə ölkəmizin bütün platformalarda etibarlı tərəfdaş kimi qəbul olunmasıdır. Burada əsas amillərdən biri də Azərbaycan Prezidentinin şəxsi nüfuzu və Donald Trampla dostluq münasibətləridir.
A.Balayev əlavə edib ki, artıq Azərbaycan yeni dünya nizamında öz layiqli yerini alır. Əgər bundan öncəki nizamda hansısa təşkilatlarda, yığıncaqlarda Azərbaycanın taleyini həll edirdilərsə, indi dünyanın gələcəyi ilə bağlı qərarların verilməsində Azərbaycan Prezidentinin imzası olacaq. Bu, hələ başlanğıcdır”.