AZ

Arktikanın gələcəyi Qrenlandiyada yazılır: Vaşinqtonun səssiz strategiyası

Son dövrlər Qrenlandiya ətrafında artan beynəlxalq diqqət təsadüfi və ya epizodik xarakter daşımır. Qlobal güc mərkəzləri arasında dərinləşən rəqabət yeni coğrafiyaları strateji ön plana çıxardıqca, Arktika regionu da dünya siyasətinin əsas müzakirə mövzularından birinə çevrilir. İqlim dəyişiklikləri nəticəsində bölgənin əlçatanlığının artması, enerji və xammal ehtiyatlarının aktuallaşması, eləcə də təhlükəsizlik arxitekturasında baş verən transformasiyalar Qrenlandiyanı böyük güclərin maraq kəsişməsində yerləşən kritik məkan halına gətirib. ABŞ-ın bu istiqamətdə açıq və sistemli mövqe nümayiş etdirməsi isə məsələni lokal çərçivədən çıxararaq qlobal geosiyasi kontekstdə dəyərləndirməyi zəruri edir.

Siyasi analitik Tural İsmayılov Editor.az-a açıqlamasında bildirib ki, Qrenlandiya ətrafında artan fəallıq əslində ani maraq partlayışı yox, uzun müddətdir yetişən geosiyasi prosesin açıq fazaya keçməsidir:

“Arktika regionu iqlim dəyişiklikləri fonunda tədricən əlçatan olduqca, burada yerləşən ərazilər təkcə coğrafi deyil, strateji dəyər də qazanır. ABŞ-ın Qrenlandiya ilə bağlı maraqlarını açıq şəkildə ifadə etməsi bu kontekstdə oxunmalıdır. Vaşinqton üçün məsələ yalnız bir ada deyil, Arktikada formalaşan yeni təhlükəsizlik və iqtisadi düzəndə mövqelərini qorumaqdır.

ABŞ Qrenlandiyanı hər şeydən əvvəl strateji nəzarət nöqtəsi kimi görür. Ada Şimali Atlantiklə Arktika arasında körpü rolunu oynayır və burada yerləşən hərbi infrastruktur ABŞ-ın raket xəbərdarlıq sistemləri və Şimal marşrutlarına nəzarət baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, Qrenlandiyanın zəngin yeraltı ehtiyatları, nadir torpaq elementləri və enerji potensialı gələcək qlobal rəqabətdə xüsusi çəkisi olan amillərdir. Vaşinqton bu resursların rəqib güclərin təsir dairəsinə düşməsini istəmir”.

Onun sözlərinə görə, müzakirələrdə səslənən “ilhaq” və “işğal” terminləri daha çox siyasi ritorikanın məhsuludur:

“Praktik planda ABŞ-ın klassik hərbi işğal ssenarisi üzərindən hərəkət etməsi real görünmür. Daha çox iqtisadi təsir, təhlükəsizlik əməkdaşlığı və institusional asılılıq mexanizmləri üzərindən uzunmüddətli nəzarət modelinin qurulması ehtimalı ön plana çıxır. Bu yanaşma müasir beynəlxalq münasibətlərdə sərt gücdən çox yumşaq və hibrid alətlərin üstünlük qazandığını göstərir.

Əgər Qrenlandiya məsələsi daha da kəskinləşərsə, bu, qlobal güc balansına təsirsiz ötüşməyəcək. Rusiya və Çin Arktikanı artıq öz strateji maraq zonaları kimi qəbul edir və ABŞ-ın fəallığı bu bölgədə rəqabəti daha da intensivləşdirə bilər. Bu isə yeni qarşıdurma mərhələsindən çox, mövcud böyük güc rəqabətinin Arktika coğrafiyasına daşınması kimi qiymətləndirilə bilər. Yəni Qrenlandiya məsələsi dünya siyasətində yeni bir münaqişə yox, dəyişən qlobal nizamın simptomlarından biri kimi çıxış edir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
114
editor.az

1Mənbələr