AZ

Davos Forumu və Azərbaycanın Yaşıl Enerji Strategiyası: Yeni iqtisadi modelə keçid / AÇIQLAMA

Dünya İqtisadi Forumu (Davos Forumu) qlobal iqtisadi və siyasi proseslərin istiqamətləndirildiyi ən nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur. Dövlət və hökumət başçıları, aparıcı maliyyə institutları, transmilli şirkətlərin rəhbərləri və investorlar üçün Davos yalnız müzakirə meydanı deyil, həm də qlobal iqtisadi trendlərin formalaşdırıldığı strateji mərkəzdir. Bu baxımdan Prezident İlham Əliyevin Davos Forumunda səsləndirdiyi mesajlar Azərbaycanın iqtisadi inkişaf modelinin transformasiyasını beynəlxalq ictimaiyyətə nümayiş etdirmək baxımından xüsusi əhəmiyyət daşıyır.

QHT.az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli bildirib. Onun sözlərinə görə, Davos – qlobal investorlar üçün siqnal platformasıdır:

Davos Forumunda verilən bəyanatlar beynəlxalq bazarlar və investorlar tərəfindən diqqətlə izlənilir. Burada səsləndirilən prioritetlər ölkələrin orta və uzunmüddətli iqtisadi strategiyasının açıq göstəricisi kimi qəbul olunur. Xüsusilə enerji keçidi, iqlim dəyişiklikləri və dayanıqlı inkişaf məsələlərinin qlobal gündəmin mərkəzində olduğu bir dövrdə Azərbaycanın bu platformada aktiv iştirakı ölkənin yeni iqtisadi mərhələyə keçidini təsdiqləyən mühüm amildir.

İqtisadiyyatın şaxələndirilməsi – əsas prioritetdir:

Prezident İlham Əliyevin çıxışında iqtisadiyyatın şaxələndirilməsinin ölkə üçün birinci prioritet kimi vurğulanması strateji xarakter daşıyır. Uzun illər enerji resursları ixracatçısı kimi tanınan Azərbaycan artıq resurs-asılı inkişaf modelindən mərhələli şəkildə uzaqlaşaraq dayanıqlı və çoxşaxəli iqtisadi struktur formalaşdırmağı hədəfləyir. Bu yanaşma həm makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, həm də xarici şoklara davamlılığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bərpaolunan enerji: yeni inkişaf mərhələsi.

Prezidentin çıxışında bərpaolunan enerji sahəsində əldə olunan nailiyyətlər və qarşıya qoyulan hədəflər xüsusi diqqət çəkir. Artıq iki iri bərpaolunan enerji elektrik stansiyasının istismara verilməsi Azərbaycanın enerji sektorunda real transformasiyanın başlandığını göstərir. Növbəti 6 il ərzində günəş və külək enerjisi üzrə istehsal gücünün əhəmiyyətli dərəcədə artırılması planı isə bu prosesin davamlı xarakter daşıdığını sübut edir.

Məlumata görə, 2032-ci ilə qədər günəş və külək enerjisi üzrə ümumilikdə 8 giqavat gücün əldə edilməsi gözlənilir. Bu rəqəm təkcə texniki hədəf deyil, həm də ölkənin enerji balansında struktur dəyişikliyinin göstəricisidir. Azərbaycanın yüksək günəş və külək potensialı bu istiqamətdə geniş imkanlar yaradır və artıq bir sıra layihələr üzrə beynəlxalq şirkətlərlə müqavilələrin bağlanması bunu təsdiqləyir.

Enerji toplanması və texnoloji dərinləşmə:

Çıxışda enerji toplanması (energy storage) qurğuları barədə düşünülməsi Azərbaycanın bərpaolunan enerji strategiyasının növbəti mərhələyə keçdiyini göstərir. Bu addım istehsal olunan “yaşıl enerjinin” dayanıqlı və fasiləsiz istifadəsini təmin etməklə yanaşı, ölkənin texnoloji imkanlarının genişləndirilməsinə də xidmət edir. İlk enerji toplanması məntəqəsinin artıq müəyyən edilməsi bu sahədə praktik addımların atıldığını göstərir.

Prezident İlham Əliyevin Davos Forumundakı çıxışı Azərbaycanın qlobal iqtisadi sistemdə öz yerini necə görmək istədiyini aydın şəkildə ortaya qoyur. Azərbaycan tədricən:

enerji ixracatçısı modelindən enerji keçidi aktoruna,

resurs əsaslı iqtisadiyyatdan dayanıqlı inkişaf modelinə,

regional oyunçudan qlobal gündəmlə uzlaşan strateji tərəfdaşa

çevrilmə yolunu seçir.

Bu baxımdan Davos Forumunda səsləndirilən fikirlər yalnız siyasi-diplomatik mesaj deyil, eyni zamanda beynəlxalq investorlar və tərəfdaşlar üçün uzunmüddətli iqtisadi siqnal xarakteri daşıyır. Azərbaycanın bərpaolunan enerji və iqtisadi şaxələndirmə strategiyası ölkənin gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas sütunlardan birinə çevrilir.

Seçilən
36
1
qht.az

2Mənbələr