“Prezident İlham Əliyevin Davos Ümumdünya İqtisadi Forumunda iştirakı sadəcə diplomatik aktivlik deyildi. Bu iştirak qlobal güc mərkəzlərinə ünvanlanan açıq, sərt və ideoloji mesaj idi. Davos tribunası bir daha göstərdi ki, Azərbaycan artıq beynəlxalq proseslərin kənarında dayanan ölkə deyil, oyunun qaydalarını diktə edən aktordur”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev Davosda illərlə Qərbin, xüsusən Avropanın Azərbaycana münasibətdə tətbiq etdiyi ikili standartlarını diplomatik dillə deyil açıq şəkildə ifşa etdi. “Azərbaycanın müstəqillik dövrü təzyiqlər, ədalətsiz yanaşmalar və selektiv beynəlxalq hüquq fonunda keçib. Lakin Bakı heç vaxt milli maraqlarından geri çəkilmədi. Səbr etdi, dirəndi və zamanın öz xeyrinə işləməsinə nail oldu.
Bu gün Avrasiya reallıqları dəyişibsə, bunun mərkəzində məhz bu iradə dayanır. Azərbaycan sübut etdi ki, təzyiq diplomatiyası nəticə vermir, nəticə verən yalnız güclü dövlət iradəsidir”, - o qeyd edib.
Deputat əlavə edib ki, Prezident İlham Əliyev Davosda Avropanı faktiki olaraq seçim qarşısında qoydu: “Açıq mesaj verildi: Avropa Avrasiya ilə əməkdaşlıq etmək istəyirsə, yolu Azərbaycandan keçməlidir. Nə Şimal, nə də Cənub marşrutları Avropaya dayanıqlı perspektiv təklif etmir. Bu, artıq siyasi bəyanat yox, formalaşmış geosiyasi reallıqdır.
Avropa uzun illər regionda gərginliyi qidalandıran siyasət yürütməklə öz maraqlarına zərbə vurdu. Bu gün isə həmin Avropa Azərbaycanın yaratdığı reallıqlardan faydalanmağa məcburdur. Bu, tarixin ironiyası deyil, siyasi qələbənin nəticəsidir.
Prezident İlham Əliyevin liderliyi ilə Cənubi Qafqaz maraqların toqquşduğu məkandan maraqların uzlaşdığı bölgəyə çevrilir. Sülh artıq kağız üzərində deyil, real siyasi prosesdir. Bakı–İrəvan xəttində faktiki sülh mühiti formalaşıb və bu, kənar güclərin deyil, Azərbaycanın qətiyyətli siyasətinin nəticəsidir.
Bu gün Cənubi Qafqaz Avrasiyanın əməkdaşlıq adasına çevrilirsə, bu, təsadüf deyil. Bu, uzun illər ardıcıl aparılan milli maraq mərkəzli siyasətin məntiqi nəticəsidir”.
Deputatin fikrincə, Davos tribunasında bir daha sübut olundu ki, dövlətlərin böyüklüyü ərazi və əhali ilə ölçülmür. “Böyüklük siyasi iradə, liderlik və strateji baxışla ölçülür. Azərbaycan bu baxımdan artıq “kiçik ölkə” deyil, böyük oyunçudur.
Prezident İlham Əliyev Davosda dünya liderlərinə açıq mesaj verdi: müdrik, qətiyyətli və milli maraqlarına söykənən lideri olan dövlətlə hesablaşmamaq mümkün deyil. Bu gün dünya bunu qəbul edir. Hətta Ermənistan prezidenti bunu Davosda çıxışı zamanı açıq formada etiraf etməli oldu.
Davos Forumu Azərbaycan üçün sadəcə tribuna olmadı. Bu forum siyasi güc nümayişinə, ideoloji mövqe sərgilənməsinə və qlobal reallıqların açıq elanına çevrildi. Prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycan proseslərin obyektindən subyektinə çevrilib.
Bu, emosional bəyanat deyil. Bu, dəyişmiş dünyanın soyuq geosiyasi həqiqətidir”, -deputat bildirib.
Mürtəza