Bakı, 21 yanvar, AZƏRTAC
Dünyanın iqtisadi mənzərəsinin şəkillənməsində mühüm rol oynayan Davos Forumu bu il də Azərbaycanın növbəti diplomatik zəfərinə şahidlik edir. Prezident İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibə, təkcə ölkəmizin deyil, bütün Avrasiya məkanının gələcək onilliklərini müəyyən edən strateji bir manifest xarakteri daşıyır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli söyləyib.
O deyib: "Bu müsahibə göstərdi ki, Azərbaycan qlobal sistemin fundamental sarsıntılar keçirdiyi bir dövrdə öz milli maraqlarını beynəlxalq hüququn aliliyi ilə uzlaşdıran nadir dövlətlərdən biridir. Bu nailiyyətin arxasında isə Prezident İlham Əliyevin səbir və dəqiqliklə yürütdüyü, hər bir addımı zərgər dəqiqliyi ilə hesablanmış müdrik xarici siyasət kursu dayanır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam hüquqi çərçivədə bərpa edərək dünyaya həm hərbi, həm də diplomatik ədalət dərsi keçib".
Deputat bildirib ki, Prezident İlham Əliyevin sülh quruculuğuna verdiyi misilsiz töhfələrə görə nüfuzlu "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi Müzəffər Ali Baş Komandanın təkcə mahir bir strateq deyil, həm də bəşəri dəyərlərə sadiq humanist bir lider olduğunun növbəti qlobal təsdiqidir.
“Bu təltif Azərbaycanın otuz illik işğala son qoyaraq regiona gətirdiyi sabitliyin beynəlxalq etirafıdır. Belə bir nüfuzlu mükafatın məhz Qafqazda sülhün faktiki olaraq bərqərar olduğu bir vaxtda verilməsi rəsmi Bakının humanizm dəyərlərinə sadiqliyini təsdiqləyir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan son beş-altı aydır ki, tarixində heç vaxt olmadığı qədər real sülh şəraitində yaşayır və bu yeni reallıq bütün tərəflər üçün misilsiz fürsətlər yaradır. Bu fürsətlərin ən bariz nümunəsi Ermənistanla münasibətlərin artıq düşmənçilikdən əməkdaşlıq müstəvisinə keçməsidir. Prezidentin bu istiqamətdə atdığı humanist addımları Azərbaycanın intiqam deyil, tərəqqi tərəfdarı olduğunu və bütün regionun lideri missiyasını layiqincə daşıdığını bir daha sübut edir. Lakin regionda bu qədər pozitiv dinamika olduğu halda, bəzi Qərb təsisatlarının, xüsusilə Avropa Parlamenti və Avropa Şurasının nümayiş etdirdiyi mövqe təəccüb və təəssüf doğurur. Bu qurumlar faktiki olaraq erməni lobbisinin təsiri altına düşüblər. Ermənistanın özünün Azərbaycanla əməkdaşlıqdan məmnun qaldığı bir vaxtda bu təşkilatların hələ də Bakını əsassız "təcavüzdə" ittiham etməsi siyasi korluqdan başqa bir şey deyil. Prezident İlham Əliyevin bu qurumların qərəzinə cavab olaraq "biz artıq onlara reaksiya vermirik" deməsi Azərbaycanın öz yoluna olan sarsılmaz inamının və həmin institutların obyektivliyini tamamilə itirməsinin ən kəskin ifadəsidir",- deyə deputat əlavə edib.