AZ

Prezident: “Bizim məsələmiz bir növ nadir haldır”

“Əziyyətə və qurbanlara baxmayaraq, biz sülhün birdəfəlik bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirdik və artıq bunun bəhrəsini görürük”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvləri - Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edərkən deyib.

Sülhün regional sabitlik və firavanlıq baxımından önəminə toxunan Prezident İlham Əliyev deyib ki, işğal zamanı xalqımızın üzləşdiyi əziyyətlərə, verdiyi qurbanlara baxmayaraq, Azərbaycan dayanıqlı sülhün bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirib. Prezident İlham Əliyev sülh razılaşmasının məhz Azərbaycan tərəfindən hazırlanaraq Ermənistana təqdim olunduğunu və bu istiqamətdə səylərin davam etdiriləcəyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev:

“Sizin də düzgün qeyd etdiyiniz kimi, sülh bütün regiona sabitlik və firavanlıq gətirəcək. Yaxın keçmişə nəzər salsaq, bizim məsələmizin bir növ nadir olduğunu görərik. Yaxın keçmiş deyərkən, son onilliyi nəzərdə tuturam. Son qanlı döyüşlərdən sülhə gedən yol iki il zaman apardı. Əziyyətə və qurbanlara baxmayaraq, biz sülhün birdəfəlik bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirdik və artıq bunun bəhrəsini görürük”.

Dövlət başçısı cəmi beş ildir sülh şəraitində yaşadığımızı qeyd edərək vurğulayıb ki, son aylar sülh artıq ticarət sahəsi də daxil olmaqla, praktik müstəviyə keçib.

Azərbaycan Prezidenti bu xüsusda 2025-ci il avqustun 8-də Vaşinqton görüşündə sülh gündəliyi ilə bağlı əldə olunmuş razılaşmaların tarixi əhəmiyyətini qeyd etdi, bu məsələdə ABŞ Prezidenti Donald Trampın səylərini yüksək qiymətləndirib.


Telegram kanalımız
Seçilən
164
2
yenisabah.az

3Mənbələr