Xəbər verdiyimiz kimi, “Valentino” moda evinin qurucusu, italiyalı dəb dizayneri Valentino Qaravani 93 yaşında dünyasını dəyişib.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, Valentino Qaravani yanvarın 19-da Romadakı iqamətgahında, yaxınlarının əhatəsində vəfat edib.
Onunla vida mərasimi yanvarın 21 və 22-də Piazza Mignanelli meydanında keçiriləcək. Dəfn mərasimi isə cümə günü Roma şəhərində yerləşən Santa Maria degli Angeli e dei Martiri bazilikasında baş tutacaq.
Valentino Qaravani 1932-ci il mayın 11-də İtaliyanın şimalında yerləşən Voqera şəhərində anadan olub. O, 17 yaşında Parisə köçərək "École des Beaux-Arts" və "Haute Couture Syndicate"də təhsil alıb. 1959-cu ildə Romaya qayıdan dizayner bir il sonra tərəfdaşı Cankarlo Ciammetti ilə birlikdə “Valentino” moda evini təsis edib.