AZ

Lavrov ATƏT-də dərin böhran olduğunu bildirib

Moskva, 20 yanvar, AZƏRTAC

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) dərin böhran yaşadığını bildirib.

AZƏRTAC xəbər verir ki, Lavrov bu açıqlamanı Rusiyanın 2025-ci ildəki diplomatik fəaliyyətinin yekunlarına həsr olunmuş böyük mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən verib.

Onun sözlərinə görə, Rusiya ATƏT-də iştirakını heç bir illüziya və ya ümidlə deyil, sağlam düşüncəni qoruyan iştirakçı ölkələri dəstəkləmək üçün davam etdirir. O, həmin ölkələrin arasında sağlam siyasi qüvvələrin qaldığı bir neçə MDB üzvünün, eləcə də Macarıstan, Slovakiya və digər Qərb dövlətlərinin adlarını çəkib.

Rusiya xarici işlər naziri vurğulayıb ki, Moskva bu cür dövlətlərlə əlaqələri davam etdirmək və ATƏT-in özünü məhv etməsinin qarşısını almaq üçün əlindən gələni etmək niyyətindədir. O, bu kontekstdə təşkilatın hazırkı Baş katibi, Türkiyədən olan Feridun Sinirlioğluna ümid etdiyini bildirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
154
5
azertag.az

6Mənbələr