AZ

Yeməkdən başqa bizi hansı vərdişlər kökəldir? - ARAŞDIRMA

Çox yemək artıq çəkinin əsas səbəbi kimi tanınsa da, kökəlməyə aparan yol təkcə süfrədən keçmir. Gündəlik həyatımızda bəzən fərqinə varmadan etdiyimiz bir sıra vərdişlər var ki, zamanla maddələr mübadiləsini ləngidir, yağ yığılmasını sürətləndirir və çəki artımını qaçılmaz edir.

Patrul.az-ın araşdırmasına görə, ən geniş yayılmış səbəblərdən biri yuxu rejiminin pozulmasıdır. Az və keyfiyyətsiz yuxu aclıq hormonlarını artırır, toxluq hissini azaldır. Nəticədə insan gün ərzində daha çox şirniyyat və yüksək kalorili qidalara meyl edir. “Gec yatım, az yeyim” yanaşması əksinə, çəki artımını sürətləndirir.
Hərəkətsiz həyat tərzi də gizli kökəldici amillərdəndir. Uzun müddət oturaq işdə çalışmaq, liftdən və avtomobildən tez-tez istifadə etmək, gün ərzində minimal fiziki aktivlik maddələr mübadiləsinin yavaşlamasına səbəb olur. Bu zaman hətta az qida qəbul edilsə belə, enerji sərfiyyatı kifayət etmir.
Bir çox insanın diqqət etmədiyi başqa bir məqam stress və emosional gərginlikdir. Davamlı stress kortizol hormonunun artmasına gətirib çıxarır ki, bu da xüsusilə qarın nahiyəsində yağlanmanı artırır. Stress altında olan insanlar tez-tez “emosional yemək” vərdişinə də meyl edir.
Sürətli yemək də çəki artımına təsir edən amillərdəndir. Beynin toxluq siqnalını qəbul etməsi üçün təxminən 20 dəqiqə vaxt lazımdır. Tələsik yeyən insanlar doyduğunu hiss etmədən artıq porsiya qəbul edir.
Digər bir səbəb mayeni düzgün qəbul etməməkdir. Gün ərzində kifayət qədər su içməmək aclıq hissini susuzluqla qarışdırmağa səbəb olur. İnsan ac olduğunu zənn edib əlavə qida qəbul edir.
Şəkərli içkilər və gizli kalorilər də təhlükəli vərdişlər sırasındadır. Çay-kofeyə əlavə edilən şəkər, qazlı içkilər, paketlənmiş şirələr gündəlik kalorinin fərqinə varmadan artmasına yol açır.
Bundan başqa, tez-tez gec saatlarda yemək, hormonal pozuntular, düzensiz qidalanma, hətta daimi pəhriz saxlayıb sonra kəskin yemək vərdişi də orqanizmin tarazlığını pozaraq kökəlməyə zəmin yaradır.
Bir sözlə, çəki artımı təkcə nə qədər yediyimizlə deyil, necə yaşadığımızla da sıx bağlıdır.
Seçilən
162
yenilik.az

1Mənbələr