AZ

“20 Yanvar yalnız matəm günü deyil, eyni zamanda…” – Qanlı gecənin şahidi ilə MÜSAHİBƏ

20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq mübarizəsinin qanla yazılmış salnaməsidir. Sovet imperiyasının törətdiyi bu qırğın xalqın iradəsini sındırmaq əvəzinə, müstəqillik əzmini daha da möhkəmləndirdi. Tariximizin həm faciə, həm də qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisələri bu gün də dərindən xatırlanır və gələcək nəsillərə ötürülür.

Bu qanlı gecənin tarixi, ictimai və mənəvi mahiyyəti, eləcə də gənclər üçün daşıdığı mesajlar barədə AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev KONKRET.az-a müsahibəsində danışıb.

– 20 Yanvar hadisəsi zamanı nə edirdiniz? O günləri necə xatırlayırsınız?

– Hadisə baş verən vaxt mən orta məktəbdə təhsil alırdım, cəmi 8 yaşım var idi. Həmin günlər çox ağır və gərgin keçirdi. Xüsusilə Sədərək istiqamətində güclü döyüşlər gedirdi, şəhidlərimiz var idi. Uşaq olmağıma baxmayaraq, yaşananların ağırlığı hamımızın yaddaşına dərin iz salmışdı.

– 20 Yanvarla bağlı ilk xəbəri necə öyrəndiniz?

– O, dövrdə informasiya imkanları məhdud idi. Hadisələr barədə xəbərləri əsasən böyüklərdən, ailə üzvlərindən və ətrafdakı insanların söhbətlərindən eşidirdik. Bakıda törədilən qırğın xəbəri böyük sarsıntı yaratmışdı. Hər kəs anlayırdı ki, bu, sadəcə bir hadisə deyil, xalqın taleyinə yönəlmiş ağır bir zərbədir.

– 20 Yanvar hadisəsinin vətənpərvərlik baxımından əhəmiyyətini necə dəyərləndirirsiniz?

– 20 Yanvar Azərbaycan xalqının yüksək vətənpərvərlik ruhunun parlaq təzahürüdür. Silahsız insanlar tankların, güllələrin qarşısına çıxaraq Vətənə və azadlığa sədaqətlərini sübut etdilər. Şəhidlərimiz canlarını fəda etməklə göstərdilər ki, müstəqillik yolunun geri dönüşü yoxdur. Bu hadisə xalqımızın qorxuya deyil, azadlığa üstünlük verdiyini bütün dünyaya nümayiş etdirdi.

– Sizcə, 20 Yanvarın xalq və dövlət üçün tarixi əhəmiyyəti nədən ibarətdir?

– 20 Yanvar Azərbaycan xalqının müstəqillik tarixində dönüş nöqtəsidir. Bu faciə sovet rejiminin əsl mahiyyətini ifşa etdi və azadlıq mübarizəsini ümummilli hərəkat səviyyəsinə yüksəltdi. Şəhidlərimizin qanı bahasına milli dövlətçiliyin bərpasına gedən yol sürətləndi.

Eyni zamanda, Naxçıvanda baş verən proseslər də xüsusi qeyd olunmalıdır. Faciədən əvvəl ermənilər Naxçıvana hücum etmiş, 1990-cı il yanvarın 18-də Kərki kəndi işğal olunmuşdu. Yanvarın 19-da Naxçıvan MSSR Ali Soveti yaranmış təhlükə və Qars müqaviləsinin pozulması ilə əlaqədar tarixi qərar qəbul edərək Sovet imperiyasının tərkibindən çıxdığını bəyan etdi. 1990–1993-cü illərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan müdafiə olundu, işğalın qarşısı alındı, milli dövlətçiliyin əsasları qoyuldu, üçrəngli bayraq ilk dəfə Naxçıvanda qaldırıldı və 20 Yanvar faciəsinə ilk siyasi qiymət verildi. 1994-cü ildə isə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Milli Məclis bu hadisəni hərbi təcavüz və cinayət kimi rəsmən qiymətləndirdi.

– Gənclərə 20 Yanvarla bağlı hansı mesajı vermək istərdiniz?

– Gənclər bilməlidirlər ki, müstəqillik təsadüfən qazanılmayıb. O, şəhidlərin qanı, anaların göz yaşı və xalqın sarsılmaz iradəsi hesabına əldə edilib. 20 Yanvar yalnız matəm günü deyil, eyni zamanda milli qürur, birlik və Vətənə xidmət nümunəsidir. Bu tarixi unutmaq olmaz. Müstəqil Azərbaycanı qorumaq və daha da gücləndirmək hər bir gəncin müqəddəs borcudur.

Qeyd edək ki, müsahibimiz Əpoş Vəliyev 9 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuş mayor Vüsal Vəliyevin qardaşıdır.

Söhbətləşdi Aynurə İsmayıl
KONKRET.az

Seçilən
86
konkret.az

1Mənbələr