AZ

Tarixçi alim “20 Yanvar” hadisələrindən DANIŞDI: “27 Aprel faciəsinin davamı idi, çünki… “

“20 Yanvar faciəsi Azərbaycan xalqının sovet müstəmləkəçiliyinə qarşı uzun illər davam edən mübarizəsinin kulminasiya nöqtəsi idi”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında tarixçi-alim Faiq Ələkbərli səsləndirib.

O qeyd edib ki, tarix boyu imperiyalar həm qurularkən, həm də dağılarkən böyük fəlakətlərə və qırğınlara səbəb olub. Sovet imperiyası da məhz xalqların qanı hesabına formalaşan bir quruluş olub:

“1917-ci ildə sovet hakimiyyəti elan edildikdən sonra keçmiş çar Rusiyasının tərkibində olan xalqlar yenidən işğal edildi. Onlardan biri də Azərbaycan idi. 1920-ci il 27 apreldə milli dövlətimiz devrildi və Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı. Həmin dövrdə minlərlə insan repressiyalara məruz qaldı, Cümhuriyyət yolunda şəhid oldu”.

Faiq

F.Ələkbərli vurğulayıb ki, 70 il davam edən sovet hakimiyyəti dövründə Azərbaycanın həm daxilində, həm də xaricində müstəqillik ideyası yaşadılıb.
Xüsusilə, Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, milli azadlıq uğrunda ciddi ideoloji və siyasi mübarizə aparılıb:

“1980-ci illərin sonlarında bu mübarizə artıq kütləvi xarakter aldı. Sovet ideologiyası bərabərlikdən danışsa da, əslində bütün xalqlar müstəmləkə vəziyyətində idi. Xüsusilə, türk-müsəlman xalqları bu siyasətdən daha çox əziyyət çəkirdi”.

Tarixçi bildirib ki, 20 Yanvar hadisələri əslində 1920-ci il 27 Aprel işğalına qarşı tarixi etirazın davamı idi:

“27 apreldə sovet ordusu Bakıya daxil olmuşdu. 1990-cı ilin 19-dan 20-nə keçən gecə isə sovet ordusu yenidən Azərbaycan xalqının azadlıq istəyinin qarşısını almaq üçün şəhərə yeridildi. Lakin bu dəfə xalq artıq 70 illik mübarizənin nəticəsi olaraq müstəmləkəçiliklə barışmadığını açıq şəkildə ortaya qoydu”.

F.Ələkbərli qeyd edib ki, sovet rejimi illərlə saxta tarix yazaraq 1920-ci il faciəsini gizlətməyə çalışsa da, 20 Yanvar hadisələri bu həqiqətləri üzə çıxardı:

“20 Yanvar, nə qədər pərdələnsə də, əslində 27 Aprel faciəsinin davamı idi. Eyni zamanda bu hadisə 28 May ideallarının dirçəlişi oldu. Azadlığın dadını bir dəfə alan xalq heç vaxt müstəmləkə ilə razılaşa bilməz”.

Tarixçi-alim əlavə edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə çevrildi və müstəqilliyə gedən yolu sürətləndirdi:

“Bu hadisələrdən sonra 1990-cı il 30 avqustda Suverenlik Aktı, 1991-ci il 18 oktyabrda isə Müstəqillik Aktı qəbul edildi. Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi, “Bir kərə yüksələn bayraq, bir daha enməz”.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
66
33
konkret.az

10Mənbələr