AZ

İtalyan moda əfsanəsi Valentino 93 yaşında vəfat edib » AzadMedia.az

İtalyan


İtalyan moda dizayneri, dünya şöhrətli Valentino brendinin banisi Valentino Garavani 93 yaşında vəfat edib. Bu barədə dizaynerin təsis etdiyi fond rəsmi açıqlama yayıb.

Məlumata görə, Valentino Garavani bu gün Romadakı iqamətgahında, ailə üzvlərinin və yaxınlarının əhatəsində dünyasını dəyişib. Onun xatirəsinə ehtiram əlaməti olaraq çərşənbə və cümə axşamı günləri vida mərasimi keçiriləcək. Dəfn mərasimi isə cümə günü Romada baş tutacaq.

Valentino Garavani moda dünyasında sadəcə “Valentino” adı ilə tanınıb və eyniadlı dəb evinin əsasını qoyub. Brend xüsusilə “Valentino qırmızısı” adlanan tünd qırmızı rəng çaları ilə yadda qalıb və bu rəng dizaynerin kolleksiyalarının əsas simvollarından birinə çevrilib.

İtaliyanın Baş naziri Corcia Meloni dizaynerin vəfatı ilə bağlı sosial şəbəkələrdə paylaşım edərək Valentino Garavanini “üslub və zərifliyin mübahisəsiz ustası və İtaliya yüksək modasının əbədi simvolu” adlandırıb. O bildirib ki, İtaliya bir əfsanəni itirsə də, Valentino irsi gələcək nəsilləri ilhamlandırmağa davam edəcək.
İtaliyanın Baş nazirinin müavini Antonio Tayanı isə dizayneri “qlobal moda tarixinin əsas simalarından biri” kimi qiymətləndirib.
Valentinonun fondu açıqlamasında qeyd edib ki, Valentino Garavani təkcə böyük dizayner deyil, həm də işıq, yaradıcılıq və vizyon mənbəyi olub.

Seçilən
135
28
azadmedia.az

10Mənbələr