ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Türkiyədə gənc ailələrin qurulmasına dəstək məqsədilə görünməmiş məbləğdə maliyyə yardımı proqramı elan edilib.Demokrat.az saytı xəbər verir ki, qardaş ölkənin Diyanət İşləri İdarəsinin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində ehtiyacı olan nişanlı gənclərə 500 min lirə (təxminən 19 min AZN) məbləğində birdəfəlik yardım ediləcək.Bu böyük məbləğli dəstək proqramı xüsusilə maddi çətinliklər səbəbindən toyunu təxirə salan gənclər üçün nəzərdə tutulub. "İki İnsan Bir Hayat" adı verilən layihədən yararlanmaq üçün müraciət edənlərin 18-35 yaş aralığında olması və ailə gəlirlərinin müəyyən edilmiş həddi (iki minimum əməkhaqqı) aşmaması tələb olunur. Müraciətlərin 2026-cı ilin mart ayında qəbul ediləcəyi və yardımın geri ödənişsiz olması gənclər arasında böyük ümid yaradıb.Mövzu ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki: “Türkiyədə nəzərdə tutulan bu yardım daha çox seçkiöncəsi verilən vədlərlə bağlıdır. Belə vədlər isə əksər hallarda real vəziyyətlə tam uyğunluq təşkil etmir. Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Ölkəmizdə demoqrafik proseslər Türkiyədəki qədər ağır mərhələdə deyil. Bununla belə, Azərbaycanda da ailə qurulması və doğum proseslərinin stimullaşdırılması zəruridir. Bu stimullaşdırmanın hansı formada həyata keçiriləcəyini müvafiq icra hakimiyyəti orqanları müəyyən edib təqdim edə bilər. Ümumilikdə, belə addımlar təkcə Türkiyədə deyil, digər ölkələrdə də demoqrafik siyasət çərçivəsində tətbiq olunur. Bu təcrübələr diqqətlə izlənilməli və öyrənilməlidir. Müvafiq müzakirələr aparıldıqdan sonra həmin mexanizmlərin Azərbaycan reallıqlarına uyğun şəkildə tətbiqi barədə qərar verilə bilər”.Qeyd edək ki, bu tip sosial dəstək paketlərinin tətbiqi cəmiyyətin sağlam təməllər üzərində qurulması və gənclərin gələcəyə daha inamla baxması baxımından müstəsna əhəmiyyətə malikdir. Xüsusilə qlobal inflyasiya şəraitində toy və məişət xərclərinin artması belə yardımları daha da zəruri edir. Türkiyə modelinin nəticələri uğurlu olarsa, bu, gələcəkdə regionun digər ölkələri, o cümlədən Azərbaycan üçün də mühüm bir iqtisadi-sosial təcrübə rolunu oynaya bilər.Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.