AZ

Trampın yeni lider axtarmaq ifadəsi İran xalqına da mesajdır, mesajın necə qarşılanacağı ayrı məsələdir

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

“2019-cu il benzin qiymətləri etirazları, 2022-ci il Məhsa Əmini hərəkatı və davam edən gündəlik etirazlar göstərir ki, İran cəmiyyəti hakimiyyətə qarşı böyük qəzəb yığıb. Ancaq bu qəzəb hələ ki, təşkilatsızdır, lidersizdir və asanlıqla yatırılır. ABŞ-ın strategiyası bu etirazları strukturlaşdırmaq, təşkilatlandırmaq və hakimiyyətin çökməsinə gətirib çıxarmaq üçün şərait yaratmaqdır. Bu prosesdə konkret lider ön plana çıxa bilər, ancaq o, xaricdən gətirilən deyil, daxildən formalaşan olacaq”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Tural İsmayılov dnaışıb. Politoloq qeyd edib ki, ABŞ-nin İrana qarşı strategiyası uzunmüddətlidir və tələsmir: “Vaşinqton bilavasitə hərbi müdaxilənin riskli və qeyri-effektiv olduğunu bilir. İraq və Əfqanıstan təcrübələri göstərib ki, hakimiyyət dəyişikliyi hərbi işğalla davamlı nəticə vermir. Ona görə də Tramp administrasiyası "ağıllı təzyiq" strategiyasını seçib: İranı daxildən çökdürmək, beynəlxalq arenada təcrid etmək və regional müttəfiqlərini zəiflətmək. Suriyada İranın mövqelərinin zəiflədilməsi, Livanda Hizbullahın sıxışdırılması, İraqda İran təsirinin azaldılması, Yəməndə hutilərə qarşı mübarizə hamısı bu strategiyanın hissələridir”.

Tural İsmayılov

“Trampın "yeni lider axtarmaq" ifadəsi İran xalqına da mesajdır: "ABŞ sizinlədir, hakimiyyəti dəyişdirin və biz sizi dəstəkləyəcəyik". Ancaq bu mesajın İran daxilində necə qarşılanacağı ayrı məsələdir. İran millətçiliyi güclüdür və xarici müdaxilə şübhəsi müxalifəti də zəiflədə bilər. Ona görə də ABŞ açıq şəkildə konkret namizədi dəstəkləmir, əksinə ümumi "azadlıq və demokratiya" ritorikası ilə çıxış edir”-deyə Tural İsmayılov bildirib.

“Trampın yeni lider axtarışı nə Pezeşkian, nə də Pəhləvi deməkdir. Bu, İran daxilində mövcud hakimiyyətə alternativ yarada biləcək spontan və ya yarı-təşkilatlanmış hərəkatların güclənməsini gözləmək strategiyasıdır. ABŞ lider yaratmır, lakin liderin meydana çıxması üçün şərait yaradır. Bu proses illər ala bilər, ancaq Trampın maksimalizmi və təkidi göstərir ki, o, İran hakimiyyətinin transformasiyası olmadan strategiyasından əl çəkmək fikrində deyil”-deyə politoloq qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
125
icma.az

1Mənbələr