Fransanın TF1 telekanalı 2025-ci ilin oktyabrında Parisdəki Luvr muzeyində baş vermiş səs-küylü oğurluğun videogörüntülərini yayımlayıb.
KONKRET.az xəbər verir ki, kadrlarda iki naməlum şəxsin “bolqarqa” (kəsici alət) vasitəsilə qoruyucu şüşəni kəsməsi, daha sonra isə dirsək zərbəsi ilə şüşəni sındıraraq içəri daxil olması əksini tapıb.
Məlumata görə, oğrular Apollo qalereyasının yaxınlığında, Fransa kral ailəsinə məxsus qiymətli zinət əşyalarının saxlanıldığı ərazidə, açılıb-bağlanan nərdivanlı yük avtomobili park ediblər. Sındırılmış pəncərədən muzeyə daxil olan şəxslər elektrik alətlərindən istifadə edərək vitrinləri açıb və qiymətli daşları oğurlayıblar.
Oğurluq nəticəsində 8 482 brilyant, 35 zümrüd, 34 safir və 212 mirvari aparılıb. İlkin hesablamalara görə, oğurlanan zinət əşyalarının ümumi dəyəri təxminən 88 milyon avro təşkil edir.
Hadisə ilə bağlı Fransa hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir. Oğruların kimliyi və oğurlanan qiymətli əşyaların harada olduğu hələlik açıqlanmayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az