Bakı, 19 yanvar, AZƏRTAC
“Qarabağ”ın bu səviyyədə göstərdiyi performansı son dərəcə dəyərli hesab edirəm.
Bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində aşağı yaş qruplardan ibarət Türkiyə milli komandalarının koordinatoru Samet Aybaba deyib.
Onun sözlərinə görə, Ağdam klubunun Çempionlar Liqası kimi yüksək səviyyəli turnirdə 7 xal toplaması təsadüfi deyil: “Bu, düzgün planlaşdırmanın və stabil futbol anlayışının nəticəsidir”.
Tanınmış mütəxəssis Azərbaycan çempionunun qarşıdakı oyunları barədə də fikirlərini bölüşüb: “Ayntraxt” və “Liverpul” Avropa futbolunun aparıcı komandalarıdır. Lakin düşünürəm ki, “Qarabağ” artıq bu səviyyədə “sürpriz edən” yox, rəqiblərini ciddi şəkildə çətin vəziyyətə salan komanda kimliyi qazanıb. Öz oyun intizamını qoruduğu halda hər iki matçda da xal qazanmaq potensialı var. Belə qarşılaşmalar həm klubun, həm də ölkənin futbol yaddaşını zənginləşdirir”.
Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” matçı saat 21:45-də başlayacaq.