Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Avropanın Qrenlandiya və Danimarkanın suverenliyinin qorunmasına sadiq olduğunu bəyan edib.
Editor.az xəbər verir ki, Ursula fon der Leyen sosial şəbəkədə paylaşdığı açıqlamada Avropa ölkələrinin və NATO-nun Qrenlandiya ilə bağlı mövqeyinin dəyişməz olduğunu vurğulayıb. O bildirib ki, NATO-nun baş katibi Mark Rutte, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merts və İtaliyanın Baş naziri Corcia Meloni ilə Qrenlandiyadakı mövcud vəziyyəti müzakirə edib. Görüş iştirakçılarının hamısı Qrenlandiyanın suverenliyinin müdafiəsi məsələsində həmrəy mövqe nümayiş etdirib.
“Biz birlikdə Qrenlandiyanın və Danimarka Krallığının suverenliyini qorumaq əzmində möhkəm dayanırıq. Strateji iqtisadi və təhlükəsizlik maraqlarımızı hər zaman müdafiə edəcəyik. Avropa həmrəyliyinə yönəlmiş bu çağırışların öhdəsindən dözümlülük və qətiyyətlə gələcəyik”, – deyə fon der Leyen qeyd edib.
Xatırladaq ki, Ursula fon der Leyen daha əvvəl X (keçmiş “Twitter”) platformasında paylaşım edərək ABŞ-ın Qrenlandiya məsələsi ilə bağlı Avropa İttifaqı ölkələrinə tətbiq edə biləcəyi gömrük rüsumlarının transatlantik münasibətləri zəiflədəcəyini və vəziyyətin daha da gərginləşməsi riskini artıracağını bildirmişdi. O, həmçinin Avropanın “vahid, koordinasiyalı və suverenliyini qorumaqda qətiyyətli” qalacağını vurğulamışdı.
//Gülnarə Abasova, Editor.az