Sumqayıt şəhərində qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Sumqayıt Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumların birgə iştirakı ilə qabaqlayıcı tədbirlər həyata keçirilir. Səkiləri zəbt edərək piyadaların hərəkətini mane olan, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılarla izahat xarakterli söhbətlər apararılır.
Pravda.az xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətindən (ŞİH) bildirilib.
Qeyd olunub ki, Sumqayıt şəhərinin 18-ci mikrorayon ərazisində kənd təsərrüfatı məhsullarının satışı üçün nəzərdə tutulmuş, əhali üçün münasib qiymətlərlə məhsulların təklif edildiyi yarmarka fəaliyyət göstərir və küçə ticarəti ilə məşğul olan şəxslər üçün həmin yarmarkada müvafiq ticarət yerləri ayrılıb. Qanunsuz küçə ticarəti ilə məşğul olan satıcılarla aparılan izahat xarakterli söhbətlər zamanı onlara məhsullarını yalnız xüsusi ayrılmış bu ərazilərdə satmalarının zəruriliyi diqqətə çatdırılır. Həyata keçirilən növbəti reyd tədbiri zamanı da vətəndaşa məxsus küçə ticarəti yolu ilə satılan məhsullar yarmarkada xüsusi ayrılmış ticarət yerinə aparılıb və həmin məhsulların orada satışının davam etdirilməsi tövsiyə olunub. Qabaqlayıcı tədbirlərin əsas məqsədi piyadaların sərbəst hərəkətinin təmin edilməsi, sanitariya-gigiyena normalarına riayət olunması və şəhər ərazisində qanunvericiliyin tələblərinə uyğun ticarət mühitinin formalaşdırılmasıdır. Reyd tədbirləri zamanı satıcılara məxsus məhsullar müsadirə edilməyib, yalnız onların satışının müvafiq qaydalara uyğun şəkildə davam etdirilməsi təmin olunub.