AZ

ABŞ prezidentinin keçmiş müşaviri Azərbaycanın qonaqpərvərliyini tərifləyib

Ceyk Sallivan: Bakıda gördüyüm qonaqpərvərlik ABŞ-də diplomatik qəbullarla müqayisəolunmaz idi...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Ceyk Sallivan Dövlət Departamentində çalışdığı dövrdə, Hillari Klintonun dövlət katibi olduğu illərdə (2009–2013) Azərbaycanla bağlı yadda qalan bir epizodu bölüşüb. Onun sözlərinə görə, ABŞ nümayəndə heyətinin Bakıya rəsmi səfəri və prezident İlham Əliyevlə görüşü yüksək səviyyəli qonaqpərvərliklə yadda qalıb.

Sallivan bildirib ki, danışıqlar zamanı ev sahibi tərəf qonaqlara iri qablarla bahalı Xəzər nərə balığının kürüsünü təqdim edib. O qeyd edib ki, həmin vaxta qədər belə keyfiyyətli və elit kürü dadmayıb və bu məqam onun üçün unudulmaz olub.

"Biz Bakıda, Azərbaycanda idik. Mən o vaxt Hillari Klintonun rəhbərliyi altında Dövlət Departamentində işləyirdim. Azərbaycan prezidenti ilə görüşürdük və qarşımıza çox bahalı kürü ilə dolu nəhəng qablar qoydular. Mən həyatımda bundan əvvəl heç vaxt belə elit, Xəzər nərə balığının kürüsünü yeməmişdim", deyə Sallivan “Long Game Podcast” verilişində bildirib.

Sabiq Ağ Ev rəsmisinin sözlərinə görə, Amerika nümayəndə heyətinin üzvləri təqdim olunan delikatesi böyük məmnuniyyətlə dadıblar. Bu hadisə Sallivan üçün müxtəlif ölkələrdə diplomatik qonaqpərvərlik səviyyələri barədə düşünməyə səbəb olub.

"Həmin vaxtdan sonra biz hansı ölkələrdə daha yaxşı, hansılarda isə daha zəif süfrə açıldığını müqayisə etməyə başladıq. Açıq deyim ki, ən zəif qonaqpərvərlik ABŞ-dədir. Bu, bizim yaxşı yeməklərimizin olmaması ilə bağlı deyil, sadəcə olaraq diplomatik qonaqpərvərliyimiz çox zəifdir", deyə Ceyk Sallivan vurğulayıb.

Sallivanın bu fikirləri diplomatik protokol, milli mətbəx və qonaqpərvərlik ənənələrinin beynəlxalq münasibətlərdə oynadığı rolun əhəmiyyətini bir daha gündəmə gətirib. Onun sözlərinə görə, rəsmi görüşlərdə yaradılan mühit və göstərilən münasibət ölkələr arasında qarşılıqlı anlaşmaya birbaşa təsir edir.

Poliqon.info

Seçilən
157
poliqon.info

1Mənbələr