AZ

Cəlilabadda 54 yaşlı kişi 3 ildir məsciddə yaşayır

CƏLİLABAD, 17 yanvar. TELEQRAF

Cəlilabadda 54 yaşlı kişi artıq üç ildir ki, məsciddə yaşayır.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, rayonun Uzuntəpə kənd sakini, 1971-ci il təvəllüdlü Həsənov Sücayət Sabir oğlu ağır onkoloji xəstəlikdən əziyyət çəkir.

Məlumata görə, Sücayət Həsənov bir müddət öncə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Əməliyyatdan sonra onun səhhəti daha da pisləşib və hazırda yataq xəstəsidir.

Onun sözlərinə görə, bir neçə il əvvəl qardaşı ilə birlikdə yaşadığı ev aldadılaraq ucuz qiymətə əllərindən alınıb. Həmin vaxtdan sonra hər iki qardaş evi tərk edərək müxtəlif yerlərdə yaşamağa məcbur qalıb. Sücayət Həsənov isə sonda məscidə sığınmaq məcburiyyətində qalıb.

Hazırda o, Cəlilabad rayonunun Uzuntəpə kənd məscidində qalır. Ətrafda yaşayan sakinlər tərəfindən ona qida yardımı göstərilir. Yerli sakinlər bildirirlər ki, daim yataqda qalan Sücayət Həsənovun isti və daha uyğun şəraitdə qalmağa ciddi ehtiyacı var.

Qeyd edək ki, Sücayət Həsənov Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Seçilən
41
1
teleqraf.com

2Mənbələr