"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov komandasının qış təlim-məqş toplanışını dəyərləndirib.
"Qartallar"ın çalışdırıcısı Fanat.Az-a açıqlamasında belə danışıb:
"Qısa toplanış oldu, bir həftə hazırlaşdıq. Axşam saatlarında daha bir oyunumuz olacaq. Ancaq ümumilikdə istər Bakıdakı, istərsə də Türkiyədəki məşq prosesindən qazı qaldıq. Bu gün keçirəcəyimiz ikinci matçda da keyfiyyətli oyun sərgiləmək və ən vacibi zədəsiz Bakıya qayıtmaq istəyirik. "Aleksandriya" ilə oyun pis alınmadı. Bir az yorğunluq var idi, amma futbolçular hərəkətli və istəkli idilər. Uduzsaq da, qələbə də qazna bilərdik.
Qış fasiləsinə qədər az oynayan oyunçulara şans verdik. Tez-tez zədələrlə üzləşən Eldar Quliyev bu gün meydanda ən yaxşılardan idi. Həmçinin Namik Ələsgərov da fəal idi. Həm onların, həm də digər futbolçuların çıxışından razı qaldım".
44 yaşlı mütəxəssis mövsümün ikinci yarısı ilə bağlı gözləntilərini də bildirib:
"Hədəf avrokuboklara düşməkdir. "Zirə" hər mövsüm bu hədəf uğrunda mübarizə aparır. Başa düşürük ki, bu il çətin olacaq. Azı 7 komanda var ki, qitə turnirlərinə iddialıdır və hazırda şanslarını qoruyurlar. Oyunları ilə buna layiq olduqlarını göstərirlər. Çalışacağıq ki, bu rəqabətdə üstün olaq".
Əli Sahib, Antalya