ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Səhiyyə Nazirliyinin mütəxəssisi, terapevt Nahid Məhərrəmovun qida əlavələri ilə bağlı dedikləri müzakirəyə səbəb olub. Nahid Məhərrəmov bildirib ki, internet üzərindən alınan qida əlavələrinin mənşəyi məlum deyil:
"Bu məhsullar bioloji aktiv əlavələrdir və dünyanın heç bir ölkəsində rəsmi olaraq dərman kimi qəbul edilmir. Həkim məsləhəti olmadan hər hansı dərman və ya əlavə qəbul etmək düzgün deyil. Bu cür hallar bu gün kifayət qədər geniş yayılıb və ciddi narahatlıq doğurur. İnternetdən əldə edilən preparatlardan istifadə risklidir və sağlamlıq üçün təhlükə yarada bilər”.
Tibbi ekspert, farmakoloq Müşfiq Hüseynov isə Qaynarinfo-ya açıqlamasında, internet üzərindən alınan qida əlavələrinin mənşəyinin məlum olduğunu bildirib:
"Hamısının mənşəyi məlumdur. Məsələn, Azərbaycan saytları üzərindən alınmış və ya hər hansı qeydiyyatdan keçmiş şirkətin rəsmi saytında satılan bütün əlavələrin mənşəyi məlumdur. Onlar Səhiyyə Nazirliyinin Analtik Ekspertiza İdarəsinin rəyi əsasında gətirilir. Mənşəyi məlum olan-olmayan preparat deyəndə, anlamıram, mütəxəssis nəyi nəzərdə tutur? İkincisi, mənşəyi məlum omayan qida əlavələri xaricdən alınırsa, bunun haqqında nəsə demək mümkün deyil. Çünki "Amazon” və başqa Avropa saytları üzərindən Azərbaycana böyük sayda qida əlavələri daxil olur. Buna nəzarət edən bir qurum yoxdur. İnsan oturub evində, internet üzərindən qida əlavələrinin tərkibini oxuyur və sifariş edir. Üçüncüsü, həkim rəyi olmadan məsələsinə qalanda, bəli, bu doğrudur. Qida əlavələri mütlıq şəkildə həkim nəzarəti altında olmalıdır, buna ya dietoloqlar, ya da həkimlər nəzarət etməlidir. Yaxud da insanlar qida əlavələrini qəbul etməmişdən öncə gedib müayinə olunmalıdırlar. Əgər yetməzliyi varsa, qəbul etməlidir, yəni "hamı içir, mən də içim” yanaşması doğru deyil. Bu baxımdan razıyam”.

Müşfiq Hüseynov immunitetlə bağlı deyilən fikirləri diletant yanaşma hesab edir:
"Çünki immunitet kompleks yanaşmadır. Yuxudan, bağırsağın mikriflorası, antioksidanların səviyyəsi, mineralların səviyyəsi, vitamin çatışmazlığı, bir sözlə, hər şeydən asılıdır. Hətta əhval-ruhiyyə belə immunitetə ciddi təsir edir. Konkret nəsə immuniteti qaldırmır. Necə ola bilər ki, kapsula və yaxud iynə, maye forması həm qidanı əvəz eləsin, həm antioksidan fonu düzəltsin, həm də orqanizmdəki vitamin, mineral balansını qaydasına salsın? Bu, mümkün deyil. Belə bir şey yoxdur. Bir insan normal qidalanırsa, yuxusu normal, stresə dayanıqlıdırsa və s. internetdən özünə vitamin C, sink, selen kimi qida əlavələri alsın. Bunun həkimə nə aidiyyəti var? Onun immunitetinə nə zərəri ola bilər? Gündəlik qəbul olunması şərt olan qida əlavələrinin siyahısı var. Hansı ki biz onları qida ilə almalıyıq. Amma ala bilmirik. İnsan balıq yemirsə, onun Omeqa-3 səviyyəsi düşük olacaq. Balıqdan və balıq yağından özünə lazım olan xeyirli maddələri ala bilmirsə, bunu kapsul halında qəbul edəcək. Bu, dünyada yayılan praktikadır”.
Bahar Rüstəmli
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.