AZ

Su ilə təminatın 95 faizə çatdırılması əsas məqsəddir

Bu, 2026-2035-ci illəri əhatə edən dövlət proqramında əksini tapıb

Azərbaycan son illərdə ölkənin su ilə təminatı istiqamətində mühüm və strateji əhəmiyyətli layihələr həyata keçirib. Ölkəmizdə bir sıra su anbarları tikilərək istifadəyə verilib ki, onlardan Şəmkirçay, Taxtakörpü və digərlərini misal göstərmək olar. Ümumilikdə ölkəmizdə mövcud olan su anbarlarının tutumu təxminən 500 milyon ton təşkil edir və bu da Azərbaycana təxminən 70 faiz su ilə təminat öhdəliyini yerinə yetirilməsinə imkan verir.

Qarşıdakı dövrdə bu istiqamətdə daha böyük və genişmiqyaslı layihələrin icrasının hədəfləndiyini deyən Milli Məclisin deputatı Aydın Hüseynov qəzetimizə açıqlamasında bildirib ki, Bakı, Sumqayıt və Abşeron ərazisində əhalinin su təchizatının gücləndirilməsi, eyni zamanda yağış sularının və kanalizasiya sistemlərinin yenidən qurulması prioritetlər sırasındadır. "Ölkənin su təchizatının daha da artırılması üçün əlavə mənbələrə ehtiyac yaranır və bu baxımdan Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin icrası mühüm əhəmiyyət daşıyır. Bu layihə hesabına su təminatının daha da artacağı gözlənilir. Eyni zamanda yağış sularının səmərəli istifadəsi üçün də konkret addımların atılması nəzərdə tutulur. Bu məqsədlə Bakının 33 küçəsində yağış sularının toplanması, saxlanması və istifadəsi ilə bağlı tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bütövlükdə bu proseslər 2026-2035-ci illəri əhatə edən dövlət proqramı çərçivəsində öz həllini tapacaq", - deyə o bildirib.

Deputat qeyd edib ki, proqram sayəsində yeni bir yanaşma ortaya qoyulacaq, innovativ tədbirlərin tətbiqi, sayğacların quraşdırılması və təmin olunması genişləndiriləcək. Digər tərəfdən, maliyyə mənbələri ilə bağlı hər hansı problem yoxdur, çünki Azərbaycan bu layihələri öz gücü hesabına reallaşdıra bilər. Bununla yanaşı, ölkənin xarici borcunun az və strateji valyuta ehtiyatlarının kifayət qədər olması xarici kreditlərin cəlb olunması baxımından da Azərbaycanın qarşısında hər hansı bir məhdudiyyət yaratmır. Bir çox beynəlxalq maliyyə institutları Azərbaycanı kreditlə təmin etməyə hazırdır.

A.Hüseynov deyib ki, əhalinin sayının, sənaye müəssisələrinin çoxaldığı bir halda su təchizatının yüksək səviyyədə təmin olunması əsas hədəflərdən biridir: "Digər tərəfdən, Qarabağ və Şərqi Zəngəzur bölgələrində böyük su ehtiyatlarımız mövcuddur və həmin ehtiyatlardan səmərəli istifadə olunması qarşıya məqsəd kimi qoyulub. Qarabağda yerləşən Həkəri çayı hövzəsində, eləcə də Füzuli və Laçın rayonlarının Zabux ərazisində yeni su anbarlarının tikintisi nəzərdə tutulur. Bu layihələr həm əhalinin su ilə təmin olunmasına, həm də kənd təsərrüfatı təyinatlı layihələrin, o cümlədən suvarma sistemlərinin həyata keçirilməsinə xidmət edəcək".

Deputat vurğulayıb ki, qarşıdakı 10 ili əhatə edən dövrdə ölkə üzrə su ilə təminat səviyyəsinin 95 faizə çatdırılması əsas məqsəd kimi müəyyən edilib.

Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
23
azerbaijan-news.az

1Mənbələr