AZ

Dirçələn torpaq, qayıdan həyat

İlham ƏLİYEV: "Bu gün artıq 73 min insan - həm keçmiş köçkün, həm də ki, köçkün olmayanlar azad edilmiş ərazilərdə yerləşiblər"

Qarabağ və Şərqi Zəngəzur Azərbaycan xalqının yeni tarixində, yurd yaddaşında və milli kimliyində xüsusi yerə malik diyardır. Uzun illər işğal altında qalmış bu torpaqlar azad edildikdən sonra yeni bir mərhələyə qədəm qoyub. Bu, yenidənqurma və dirçəliş, bərpa və sürətli inkişaf mərhələsidir.

İndi regionda aparılan genişmiqyaslı tikinti və infrastruktur layihələri yalnız dağıdılmış ərazilərin bərpasını deyil, eyni zamanda bölgənin müasir, təhlükəsiz və iqtisadi cəhətdən dayanıqlı bir məkana çevrilməsini hədəfləyir. Dövlətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Qarabağ dirçəlir, Şərqi Zəngəzura həyat qayıdır. Və bu tarixi missiyanın icrası çərçivəsində görülən işlər planlı və mərhələli həyata keçirilir. Dağıdılmış şəhər və kəndlər müasir memarlıq üslubunda, ekoloji tələblərə cavab verən səviyyədə inşa olunur. Məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri və sosial obyektlərin tikintisi əhalinin layiqli yaşayış şəraitinin təmin edilməsinə yönəlib. Bu addımlar Böyük qayıdış proqramının uğurla həyata keçirilməsinə zəmin yaradır.

Ötən beş il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa və quruculuq sahəsində misilsiz işlər görülüb. Qısa müddət ərzində yüzlərlə kilometr avtomobil yolu və dəmir yolu xətləri salınıb, strateji əhəmiyyətə malik tunel və körpülər inşa edilib. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının istifadəyə verilməsi regionun nəqliyyat-logistika imkanlarını əhəmiyyətli dərəcədə genişləndirilib. Paralel olaraq su-elektrik stansiyaları, su anbarları, magistral su və qaz xətləri çəkilib və nəticədə bölgənin dayanıqlı enerji və su təchizatı təmin olunub.

Azad edilmiş ərazilərdə kənd və şəhərlərin yenidən qurulması prosesi sürətlə həyata keçirilir. Zəngilanın Ağalı kəndi, Laçın şəhəri, Füzuli, Cəbrayıl və digər ərazilərdə müasir yaşayış kompleksləri inşa edilib və indi sakinlər mərhələli şəkildə doğma yurdlarına qayıdırlar. Tarixi və mədəni abidələrin bərpası da diqqət mərkəzində saxlanılır, məscidlər, məqbərələr və digər mədəniyyət nümunələrinə yenidən həyat verilir. 

Aparılan bütün bu işlər Prezident İlham Əliyevin şəxsi nəzarəti altında həyata keçirilir. Dövlət başçısı mütəmadi olaraq bölgəyə gedərək görülən işlərlə yerində tanış olur, yeni layihələrin təməlini qoyur və açılışlarda iştirak edir. Prezidentin bu prosesə göstərdiyi xüsusi diqqət və siyasi iradə Qarabağın və Şərqi Zəngəzurun qısa müddətdə yenidən qurulmasını və inkişafını təmin edən əsas amildir.

Dövlət başçısının Ağdərə rayonuna növbəti səfəri bunun bariz nümunəsidir. Səfər çərçivəsində rayonun Çapar, Heyvalı, Çıldıran, Aşağı Oratağ kəndlərində görülən işlərlə, eləcə də Ağdərə şəhərinin baş planı ilə tanışlıq Prezidentin bu ərazilərin gələcək inkişafına verdiyi önəmi bir daha nümayiş etdirir. Həmin kəndlərdə müasir yaşayış evlərinin tikintisi, mühəndis-kommunikasiya xətlərinin çəkilməsi, sosial infrastruktur obyektlərinin yaradılması istiqamətində aparılan işlər bu dəfə də yerində dəyərləndirildi. Bu kəndlərdə aparılan bərpa işlərinin konkret nəticələri dövlət başçısının diqqətinə çatdırıldı. Məlumat verildi ki, yaşayış məntəqələrində mövcud fərdi yaşayış evlərinin əksəriyyəti bərpa olunmuş, bir hissəsi artıq istismara verilmiş, elektrik, qaz, su və rabitə xətləri yenidən qurulmuş, kənddaxili yollar əsaslı təmir edilmiş və yeni park salınmışdır. 

Görülən genişmiqyaslı bərpa və quruculuq işləri sakinlərin doğma kəndlərinə mərhələli şəkildə qayıdışını təmin edir. Artıq Çapar, Heyvalı, Çıldıran və Aşağı Oratağ kəndlərində ilk ailələr məskunlaşmış, onlar üçün bütün zəruri yaşayış və sosial şərait yaradılmışdır. Doğma yurda ümumilikdə 89 ailə (387 nəfər) qayıdıb. Onların rahat yaşayışı üçün bütün zəruri sosial və yaşayış şəraiti yaradılıb. Sakinlərin doğma torpaqlara dönməsi bölgədə həyatı canlandırır, gələcəyə inamı möhkəmləndirir. Bu proses Böyük qayıdış proqramının uğurla və ardıcıl həyata keçirildiyini bir daha nümayiş etdirir.

Bu qayıdışın arxasında dayanan əsas məqsədlər və dövlətin qətiyyətli mövqeyi Prezident İlham Əliyevin Çapar, Heyvalı, Çıldıran və Aşağı Oratağ kəndlərinin sakinləri ilə görüşü zamanı səsləndirdiyi fikirlərdə də öz əksini tapıb: "Son iki il ərzində - antiterror əməliyyatından sonra - 2023-cü ildən bu yana bütün bu bölgələrdə - Ağdərədə, Xocalıda, Xankəndidə, Xocavənddə həyat bərpa edilir. Beş il bundan əvvəl isə vaxtilə işğal altında olmuş digər ərazilərə köçkünlər qayıtmağa başlayıblar. Bu gün artıq 73 min insan - həm keçmiş köçkün, həm də ki, köçkün olmayan, amma azad edilmiş ərazilərdə işləyənlər, çalışanlar, oxuyanlar yerləşiblər və hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır. Burada şərait yaradılıb - işıq, su, qaz, yollar, iş yerləri... Ağdərə şəhərini də biz yenidən quracağıq, necə ki, artıq doqquz kəndi abadlaşdırmışıq. Şəhəri də quracağıq. Bura çox gözəl bir sənaye və turizm mərkəzi olacaq. Bu səfalı yerlər göz oxşayır. Hər tərəf dağ, meşə, gözəl hava, bulaqlar, çaylar. Ona görə Ağdərənin gələcək inkişafı çox parlaq olacaq. İşğalçılar bu ərazidə faktiki olaraq heç bir salamat bina qoymayıblar. Bax təmir edilmiş bütün bu binalar bu gün dövlət tərəfindən təmir edilib".

Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri məqsədyönlü dövlət siyasətinin real nəticələrini ortaya qoyur. Qısa müddət ərzində yaradılan müasir infrastruktur, yenidən qurulan yaşayış məntəqələri və sakinlərin doğma torpaqlara qayıdışı bu bölgələrdə həyatın bərpa olunduğunu göstərir. Kənd təsərrüfatı, turizm, sənaye və "yaşıl enerji" layihələri Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini sürətləndirir. Danılmaz faktdır ki, zəngin təbii ehtiyatlara və əlverişli coğrafi mövqeyə malik region gələcəkdə ölkənin mühüm iqtisadi mərkəzlərindən birinə çevrilmək imkanına sahibdir. Prezident İlham Əliyevin şəxsi nəzarəti və siyasi iradəsi sayəsində həyata keçirilən bu işlər Qarabağın və Şərqi Zəngəzurun dayanıqlı inkişafını təmin edir.

Bu gün Qarabağ və Şərqi Zəngəzur təkcə bərpa olunan ərazilər deyil, eyni zamanda gələcəyə inamla baxan, inkişaf edən və çiçəklənən bir məkandır. Böyük qayıdış proqramı çərçivəsində görülən işlər milli birliyin, tarixi ədalətin və Azərbaycanın güclü dövlət olaraq gələcək nəsillər üçün yaratdığı möhkəm təməlin bariz nümunəsidir.

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
21
azerbaijan-news.az

1Mənbələr