AZ

Mollalar gedər, “minalar” qalar: Qafqazın İran “pazı” və bizim payımız

Dünyanın siyasi xəritəsi indi elə bir vəziyyətdədir ki, ekspertlərin analizlərini oxuyanda adam elə bilir dərzi sexinin müdirinə qulaq asır: “Burdan bir az kəsək”, “buranı federasiya edək”, “bu tərəfdən bir dövlət yamayaq”. Xüsusən də İran mövzusu ortalığa gələndə, sanki hər kəs əlində çəngəl-bıçaq “geopolitik tortun” süfrəyə gəlməsini gözləyir.

Bəziləri deyir ki, İranda “Suriya ssenarisi” yaşanacaq. Amma bir fərqi unutmayaq: Suriyada Bəşər Əsəd güzgüyə baxanda saçını darayan dünyəvi bir diktator görürdüsə, İranda mollalar güzgüyə baxanda cənnət qapısının açarlarını və o biri dünyanın “viza rejimini” görürlər. Əgər mollalar getsə, cəmiyyətin “ortaq məxrəcə” gəlməsi ən böyük möcüzə olar. Çünki bu qədər ideoloji təmərküzləşmədən sonra hamının bir süfrə arxasında “Səməni” rəqsi oynamasını gözləmək, bir az sadəlövhlükdür.

Amma ən böyük qorxu “mollaların gedişi” deyil, onların gedərkən qapını bərk çırpıb, bütün regiona döşədikləri “minaları” partlatmaq ehtimalıdır. Adamlar elə bir “istiqrarsızılıq” menyusu hazırlaya bilərlər ki, regionun həzm sistemi buna on illərlə dözməz.

İranın parçalanma proqnozları isə lap Təbrizin xalça bazarına bənzəyir. Biri deyir 6 yerə bölünəcək, biri deyir 2-3 hissə kifayətdir. Əsas “moda” isə budur: bir tərəfdə Güney Azərbaycan, o biri tərəfdə farsların qalan-qulanı, bir küncdə də Kürdüstan. Amma Kürdüstanın “parça” kimi kəsilməsinə Türkiyə elə bir “qayçı” ilə müdaxilə edər ki, o paltarı heç kim geyinə bilməz.

Bu məsələdə Bakı və Ankara sadəcə tamaşaçı deyil, “baş prodüser” olmalıdırlar. Güneyin statusu məsələsində söz sahibi olmasaq belə, ən azından o proseslərdə “təsiredici yumruq” olmaq şərtdir.

Türkiyənin Suriya təcrübəsi bir tərəfdən uğurludur – bu gün Suriyada ordudan tutmuş polisə qədər hamı türk dilində hesabat verir. Amma digər tərəfdən, bu “humanizm” Ankaraya elə bir resursa başa gəldi ki, indi xalq suriyalı qonaqları yola salmaq üçün təqvim vərəqləyir.

Bəs biz nə edək? Bizim canımız, ərazimiz və büdcəmiz Türkiyə qədər geniş deyil ki, milyonlarla qaçqını qucaqlayıb “xoş gəldiniz” deyək. Azərbaycan bu məsələdə daha çox “tranzit kuryer” və ya “paylaşdırıcı məntəqə” funksiyasını yerinə yetirməlidir. Yəni: “Gəldin? Xoş gəldin. Bir stəkan çay iç, bir az nəfəsini dər və budur sənin Avropa vizan, yolun açıq olsun!”

Bizə ucuz işçi qüvvəsi lazım deyil, bizə özümüzünkülərin iş yerini qorumaq lazımdır. Əks halda, İrandan gələn qaçqın ordusunu idarə edə bilməsək, özümüz “qaçacaq yer” axtarmalı olarıq.

Bir sözlə, “Böyük güclər” – ABŞ, Rusiya, Çin və İsrail hər biri İranı öz istədiyi kimi “format” etmək istəyir. Kimi xaos istəyir, kimi ucuz neft, kimi də hədələməyə vahid bir düşmən. Amma bizim üçün əsas odur ki, qonşuda ev yananda, alov bizim pərdələrə keçməsin. Odur ki, kəmərləri bərk bağlayın, cənubdan külək bərk əsir – amma bu, “meh” deyil, “qasırğa” ola bilər.

Və ən əsası, Solovyov kimi “bayquşların” dediyi kimi oyunlar hələ bitməyib, əsl oyun indi başlayır!

 

Şəmsi Qoca

 

Seçilən
4
veteninfo.az

1Mənbələr