Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Son vaxtlar ölkəmizin avtomobil parkının yenilənməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi qadağan olunub. İdxal avtomobillərinə aksiz və gömrük rüsumları artırılıb. Bundan başqa həm ölkəyə idxal olunan, həm də ölkədə istifadə olunan avtomobillərə utilizasiya vergisi tətbiq edilib ki, avtomobilin yaşı nə qədər çoxaldıqca bu vergi məbləği də müvafiq olaraq artır. Daha bir qərar isə həddən çox köhnəlmiş avtomobillərin utilizasiyaya verildiyi zaman sahiblərinə müəyyən ödənişin edilməsi və bu məbləği yeni maşın alarkən istifadə edə biləcəyi ilə bağlıdır. Lakin hələlik bu tədbirlər avtoparkın yenilənməsi cəhətdən ciddi nəticələr verməyib.
Avtoparkımız çox köhnədir
Hazırda Azərbaycanda təxminən 1,7 milyon avtomobil var. Statistik göstəricilərə əsasən, hazırda respublikadakı avtomobillərin 80 faizindən çoxunun yaşı 10 ildən çoxdur. 60 faizinin yaşı isə 20 ildən çoxdur. Başqa sözlə, avtomobillərin 80 faizindən çoxunun yaşı 10-30 il, 20 faizinin isə yaşı 30 ildən çoxdur. Ölkəmizdə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Yollarda xeyli sayda istismar müddətini başa vurmuş, texniki cəhətdən yararsız və təhlükəli maşınları görmək mümkündür.
Bunu nəzərə alaraq "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"na əsasən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb, həmçinin proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib.
Bu layihənin həyata keçirilməsi zamanı vətəndaşları maraqlandıran məsələlərdən biri köhnə avtomobillərin hansı qaydada utilizasiyaya göndəriləcəyi, hansı şərtlərlə yeni avtomobilləri ala biləcəkləridir.
Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında həyata keçirilir və məcburi xarakter daşımır. Utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitəsi "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılır. Uçotdan çıxarıldıqdan və utilizatora təhvil verildikdən sonra nəqliyyat vasitəsini utilizatora təhvil verən şəxsə yerli istehsal yeni nəqliyyat vasitəsi almaq üçün güzəşt və ya birdəfəlik ödəniş hüququ verən təsdiqedici sənəd verilir.
Xarici təcrübə necədir?
Bir çox ölkələr avtoutilizasiya proqramı həyata keçirərək öz avtomobil parklarını yeniləyib və nəticədə həm yol qəzalarının sayı, həm də ekoloji çirklənmə xeyli azalıb. Məsələn, Rusiyada demək olar ki, 15 ildir köhnə avtomobillərin utilizasiyası proqramı qüvvədədir. Dövlət bu proqramın həyata keçirilməsi üçün federal büdcədən hər il böyük məbləğdə vəsait ayrılır.
Bu ölkədə ildə Rusiya istehsalı olan 120-130 mindən çox avtomobil satılır, dövlətin utilizasiya proqramının büdcəsi isə təxminən 1 milyard avro civarında təşkil edir.
Dövlət texniki vəziyyəti bərbad olan maşınları münasib qiymətə alır və vətəndaşa yeni avtomobil almaq üçün güzəştli və uzunmüddətli kredit verir. Yerli avtomobillər belə vətəndaşlara daha ucuz qiymətə təklif olunur. Beləliklə, Rusiya öz vətəndaşlarını yerli markalara aid avtomobilləri almağa həvəsləndirir. Nəticədə son 15 ildə Rusiyanın avtomobil parkının yarıdan çoxu yenilənib.
Qeyd edək ki, Rusiyanın öz yerli avtomobil zavodları onlarla modeldə müasir avtomobillər istehsal edir və qiymətləri də çox münasibdir. Bu səbəbdən vətəndaşlar çox rahat şəkildə salondan yeni maşın ala bilirlər.
Avtoutilizasiyaya maraq niyə azdır?
Göründüyü kimi, yerli avtomobil istehsalı olan ölkələrdə bu proses belə həyata keçirilir. Bəs yerli avtomobil istehsalı olmayan və ya az olan ölkələrdə bu proses necə ola bilər? Azərbaycanda yerli model avtomobil istehsalı olmasa da, Rusiya, ABŞ, İran və Çin avtomobil modellərinin bəzilərinin yığımı mövcuddur. Lakin bu yerli istehsal sayılmadığından onların qiyməti elə də ucuz deyil. Ən ucuzlarının qiymətləri 18-20 min manat arasındadır. Bu halda vətəndaş özünün hazırda bazar dəyəri 3-5 min manat olan avtomobilini qəpik-quruşa verib 10 qat qiymətə yeni maşın ala bilməyəcək, çünki onun köhnə maşınına 1500 manat ödənilir. Bu isə ən ucuz yeni maşının qiymətinin maksimum 10 faizini təşkil edir. Qalan fərqi hətta kreditə bölsələr belə vətəndaş uzun illər ayda 300-500 manatdan az olmayaraq vəsait ödəməlidir ki, bu da böyük əksəriyyət üçün mümkün deyil. Bu səbəbdən vətəndaşlarımız bu proqrama maraq göstərmirlər.

Hər şeyin təzəsi, maşının köhnəsi?
Bu halda yeganə çıxış yolu, dövlətin həmin maşınları real bazar dəyərinə alması, ölkədə yığılan maşınları və xaricdən gətirilən maşınları onlara maya dəyərinə verməsidir. Həm də aşağı faizlə və uzunmüddətli kreditlə. Bu halda bu proqram daha effektli və ədalətli ola bilər. Üstəlik, həmin avtomobillərin detallarının güzətşli satışı təşkil olunmalıdır. Çünki yeni model maşınların ehtiyat hissələri çox bahadır, demək, məsələ təkcə maşını almaqla bitmir, onu saxlaya bilmək də var.
Daha bir məqamı nəzərə almaq lazımdır ki, bir sıra vətəndaşlarımız ucuz və köhnə avtomobillə yük daşıyır, xidmət göstərir, öz təsərrüfatı üçün istifadə edir və bununla dolanır. Salondan alınmış təzə maşınla o bunu edə bilməyəcək. Yeni maşının amortizasiya və təmir xərcləri dəfələrlə baha başa gəldiyindən bu maşınla həmin işi görməsi mümkün olmayacaq.
Demək belə vətəndaşlara dövlət uzun müddətli kredit verməlidir ki, o ili nisbətən yeni olan və texniki cəhətdən daha yaxşı vəziyyətdə olan başqa bir işlənmiş maşın ala bilsin. Məsələn, 1-3 min manatlıq köhnə maşınının əvəzinə 7-10 min manata daha yaxşı vəziyyətdə olan işlənmiş maşın ala bilsin. Bu halda dövlət onun maşınını bazar dəyərinə qəbul etməli, ona 5-10 min manat krediti azı 5-10 il müddətinə cüzi faizlə verməlidir. Yalnız bu halda köhnə və yararsız avtomobil sahibləri bunda maraqlı ola bilərlər.
Yaşlı yox, nasaz maşınlar təhlükəlidir
Mövzu ilə bağlı daha bir məsələ var ki, bir çox maşınların istehsal ili çox köhnə olsa da, texniki vəziyyətləri sazdır və ya demək olar ki, ideal vəziyyətdədir. Demək avtomobillərə yaşına görə yox, texniki vəziyyətinə görə yanaşılmalıdır. Əgər avtomobil texniki baxışdan keçirsə, demək, istifadəyə yararlıdır.
Elə maşınlar da var ki istehsal ili nisbətən yenidir, amma ağır qəza keçirib və ya çox pis istifadə edildiyindən texniki vəziyyəti bərbad haldadır. 5-10 ilin maşını 20-30 ilin maşınından daha pis vəziyyətdə ola bilər. Yəni, avtomobilin yaşı və texniki vəziyyəti fərqli anlayışlardır, köhnə yox, nasaz maşınlar problemdir.
Yaşı 20 il və daha artıq olan elə maşınlar var ki, yaxşı vəziyyətdədir və bazar dəyəri 10 min manatdan aşağı deyil. Bu halda həmin maşın sahibi 1-2 min manata verməyəcək. Bundansa detallarını söküb satsa, dəfələrlə çox gəlir əldə edər.
Yerli yığım avtomobillərin qiyməti 20 min manatdan başlayır. Üstəlik, bizdə gömrük rüsumları çox yüksək olduğundan ölkəyə gətirilən yeni maşınlar da dəyərindən 2 dəfə baha olur. Deməli, insanlar təzə maşın ala bilmir və məcburən köhnələri birtəhər təmir edib istifadə edir.
Çıxış yolu nədir?
Göründüyü kimi, bu proqramla bağlı hələ də aydın olmayan xeyli mürəkkəb məsələ var. Elə bir optimal yol tapılmalı və şərtlər elə ədalətli olmalıdır ki, köhnə avtomobil sahibləri bunda maraqlı olsun.
Əgər hökumət maşın parkının yenilənməsini istəyirsə, idxal olunan 10 ilədək yaşı olan avtomobillərə gömrük və vergi rüsumlarını minimuma endirməlidir. Ya da yerli yığım avtomobilləri ucuz qiymətlə və uzunmüddətli kreditlə təklif etməlidir. Bundan başqa, utilizasiya ödənişini avtomobilin real dəyərinə uyğun verməlidir.
O halda vətəndaş uyğun qiymətə normal avtomobil əldə edə biləcək və özünün köhnə maşınını utuluzasiyaya verəcək. Bu hər iki tərəf üçün faydalı olacaq- həm dövlət üçün, həm cəmiyyət üçün.
Bir sözlə, proses optimal və ədalətli şəkildə həyata keçirilsə, ölkənin avtomobil parkı 10 il ərzində əsaslı şəkildə təzələnə bilər. Nəticədə həm qəzaların və ölümlərin sayı azalar, həm də ekologiyamız daha az korlanar.
Elçin Bayramlı
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.