Sumqayıt Apellyasiya Məhkəməsində vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmada təqsirləndirilən Pənah Tağızadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protestinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmənin qərarına görə, Sumqayıt Şəhər Məhkəməsinin hökmü apellyasiya protestinə əsasən ləğv edilib, təqsirləndirilən şəxsə 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib və məhkəmə iclas zalından dərhal həbs olunub. Pənah Tağızadədən 343 896,63 manat məbləğində pul alınaraq dövlət büdcəsinə (mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin hesablaşma hesabına) ödənilməsi qərara alınıb.
İttiham aktına əsasən, Pənah Tağızadə qeyriləri ilə qabaqcadan cinayət əlaqəsinə girərək Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış bir neçə Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) faktiki fəaliyyətinə rəhbərlik edib.
Müəyyən edilib ki, təqsirləndirilən şəxs həmin MMC-lərin nizamnaməsində nəzərdə tutulan funksiyaları faktiki olaraq özü icra edib, maliyyə-təsərrüfat fəaliyyətinin aparılmasına, uçotun təşkilinə və vergilərin hesablanaraq dövlət büdcəsinə ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin bir sıra maddələrinin tələblərini pozub. O, vergi orqanlarına bəyannamələr təqdim etməməklə vahid niyyətlə külli miqdarda vergi ödəməkdən yayınıb.
İstintaq materiallarına görə, Pənah Tağızadə tanışının adına rəsmiləşdirdiyi MMC-lərdən birinin faktiki olaraq özü idarə edib və həmin şirkətin 2018–2019-cu illər üzrə mənfəət və əlavə dəyər vergisi öhdəlikləri üzrə bəyannamələrini təqdim etməyib. Bu dövr ərzində şirkətin yüz minlərlə manat dövriyyəsi olduğu halda, dövlət büdcəsinə ödənilməli olan on minlərlə manat mənfəət vergisi və əlavə dəyər vergisi ödənilməyib.
Bundan əlavə, digər MMC-lərin fəaliyyəti üzrə də oxşar qanun pozuntularına yol verildiyi, müxtəlif illər və aylar üzrə mənfəət və ƏDV bəyannamələrinin vergi orqanına təqdim edilmədiyi, nəticədə dövlət büdcəsinə ödənilməli olan əhəmiyyətli məbləğdə verginin ödənilmədiyi müəyyən olunub. Ayrı-ayrı hallarda vergi öhdəliklərinin cüzi hissəsinin ödənilməsinə baxmayaraq, əsas məbləğin büdcəyə köçürülmədiyi qeyd edilib.
İttiham aktında göstərilir ki, təqsirləndirilən şəxsin bu hərəkətləri nəticəsində dövlət büdcəsinə ümumilikdə 343 896,63 manat məbləğində külli miqdarda vergi ziyanı dəyib. Sözügedən hallar istintaq zamanı toplanmış maliyyə sənədləri, vergi hesablamaları və digər sübutlarla təsdiq olunub.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə ona bəraət verilmişdi.
Kamal Məmmədov