Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad olunan Ağdərə rayonunun Aşağı Oratağ kəndində həyat yenidən canlanıb. Kənddə evlərin bərpası ilə yanaşı, sosial infrastrukturun qurulması istiqamətində də layihələr həyata keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Aşağı Oratağ kəndində, ümumilikdə, 308 fərdi ev var. Onlardan 148-i yararsız, 160-ı isə qismən yararlıdır. Hazırda 100 ev görülmüş bərpa işlərindən sonra istismara hazırdır. İl ərzində daha 60 ev əsaslı təmir və bərpa olunacaq.
Artıq keçmiş məcburi köçkünlər kənddə məskunlaşırlar. İlkin olaraq 31 ailə (119 nəfər) kəndə qayıdıb.
Aşağı Oratağda sosial infrastrukturla bağlı bir sıra işlər də görülüb. Belə ki, 2 transformator və qaz xətti bərpa olunub, yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su nasosu istifadəyə verilib, ümumi həcmi 560 kubmetr olan su anbarı təmizlənib, subartezian quyusu təmir edilib. Uzunluğu 7 kilometrə yaxın kənddaxili yollar bərpa olunub. Sakinlərin istirahəti üçün park salınıb, futbol meydançası yaradılıb.
Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub.