AZ

Qədim Bakı yeniləşir və müasirləşir

Hər yeni ilin özünəməxsus ampluada  kodlaşdırılması Prezident İlham Əliyevin ölkəmizin qədim tarixi köklər üzərində pərvəriş tapan mədəni irsi, tarixi, ordu quruculuğu, mədəniyyəti, incəsənəti, ümumiyyətlə, həyatın müxtəlif sahələrinin inkişafı ilə bağlı sərəncamları, tapşırıq və tövsiyələri müstəqil Azərbaycanın dövlətçilik tarixində son illər ənənə halını alıb. 

Dövlət başçısı Azərbaycanda 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədini ehtifa edir.

Xatırladaq ki, Bakının qədim tarixini özündə yaşadan binalar pasportlaşdırılır. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən tarix-mədəniyyət abidələrinə məlumat lövhələrinin yerləşdirilməsi ilə bağlı yeni layihənin icrasına başlanılıb.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərindən (abidələrindən) istifadə, onların bərpası, rekonstruksiyası, konservasiyası və yenidən qurulması sahəsində dövlət nəzarəti gücləndirilir. Tarix və mədəniyyət abidələrinin bərpasına, mühafizəsinə və istifadəsinə dair layihələrin hazırlanması, bu binaların təhlükəsizliyini təmin etmək üçün onların mühafizə zonalarında qabaqlayıcı tədbirlər görülür. 

Son illər Bakıda, xüsusilə də şəhərin mərkəzində çoxlu turistlərlə rastlaşırıq. Onlar tarixi binaların, abidələrin önündə ayaq saxlayır, maraqla baxır  və şəkil çəkdirirlər. Bu zaman tikili barədə məlumat əldə etmək zərurəti yaranır və məlumat lövhələri olmayanda  çətinliklərlə üzləşirlər. Bu lövhənin olması təkcə xarici  turistlər üçün deyil, elə yerli əhali üçün də çox vacibdir. Ən azından gördüyün tarixi abidə, kompleks haqqında müəyyən bilgi ala bilirsən. 

Amma bu da sirr deyil ki, paytaxtda heç də hər tarixi binada bu cür məlumat lövhələri yoxdur, olanların da bəzisi Azərbaycan və rus dillərində, Kiril əlifbası ilə yazılanlardır. Ölkəmizin digər şəhər və rayonlarında da məlumat lövhələri ilə bağlı vəziyyət yaxşı deyil. Artıq bu sahəyə diqqətin  gücləndirilməsi təqdirəlayiq haldır.    

Ötən il Bakı şəhəri və bölgələrdə yerləşən 1200-dən artıq abidəyə məlumat lövhəsi quraşdırılıb. Bu lövhələrdə hər bir abidənin adı, tarixi, inventar nömrəsi və əhəmiyyət dərəcəsi barədə məlumatlar öz əksini tapıb. 

Qədimliyi ilə göz oxşayan müasir Bakıda dünyanın brend arxitektura layihələri əsasında inşa edilən yüksəkmərtəbəli binaların tikintisi, yerli mədəniyyət abidəsi hesab edilən tarixi mülklərin, məscid və inanc yerlərinin bərpası, yeni magistral yolların və körpülərin yaradılması həm yerli əhalidə, həm də turistlərdə məmnunluq doğurur. 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, Bakının yaşıllaşdırılmasına, yeni park və xiyabanların, istirahət guşələrinin yaradılmasına da xüsusi diqqət yetirilir. Bakının müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirilməsi, burada rahat yaşayış mühitinin yaradılması, sosial və mədəni həyatın tərəqqisini gerçəkləşdirən məkanların formalaşdırılması nəticəsində paytaxtın siması əsaslı şəkildə dəyişir.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində də bu mövzuya toxunub və bu inkişafın əsasında dayanan strateji yanaşmanı, mövcud problemləri və qarşıdakı mərhələnin əsas hədəflərini sistemli şəkildə ortaya qoyub. Dövlət başçısının vurğuladığı kimi, Bakının inkişafı yalnız yeni binaların tikintisi ilə ölçülmür. Əsas məqsəd insan amilinə söykənən şəhər modelinin qurulmasıdır ki, burada rahat nəqliyyat, keyfiyyətli kommunal xidmətlər, geniş ictimai məkanlar, sosial infrastruktur və ekoloji tarazlıq bir-birini tamamlayan elementlər kimi çıxış edir. Son illərdə Bakıda yaşayış massivlərinin genişlənməsi, yeni məktəb və xəstəxanaların tikilməsi, sosial xidmətlərin əlçatanlığının artırılması əhalinin tələbatına cavab verir. Bu isə paytaxtın təkcə inzibati deyil, həm də sosial-iqtisadi mərkəz kimi rolunu da gücləndirir.

Prezident İlham Əliyevin müsahibədə açıqladığı rəqəmlər şəhərdə bu sahədə görülən işlərin miqyasını aydın göstərir: "Hamımız yaxşı bilirik ki, yol hərəkəti bu gün, həqiqətən, ciddi problemdir. Əvvəlki illərdə biz çox iş görmüşük, 50 tunel, 50-yə yaxın körpü inşa etmişik, yolları genişləndirmişik. Təkcə Bakıda 2500 kilometr yol salınmışdır. Təsəvvür edin, şəhərin daxilində 2500 kilometr yol... Vaxtilə Bakı şəhərinə gedən yolun necə olduğunu çox yaxşı xatırlayırıq. O zaman cəmi bir yol var idi. Bu sahədə görüləcək işlər hələ çoxdur. Biz artıq Bakıda əlavə 10 metro stansiyasının tikintisini nəzərdə tutan proqram qəbul etmişik. Mənim səlahiyyət müddətim ərzində 7 stansiya tikilib, lakin bu kifayət deyil. Buna görə də daha 10 metro stansiyası, eləcə də yeni körpülər və tunellər tikiləcək. Bütün bunlar üçün vəsait cəlb etməliyik, çünki bu, bizə xeyli maliyyə qənaəti edəcək və həmin vəsaiti Qarabağ üçün istifadə edə biləcəyik". 

Daha 10 metro stansiyasının tikintisi planı Bakının nəqliyyat xəritəsində keyfiyyətcə yeni mərhələdir. Son 20 ildə 7 metro stansiyasının istifadəyə verilməsi şəhərin müəyyən bir dövrdə tıxaclardan sığortalanmasını hədəfləmişdir. İndi yeni stansiyaların, əlavə depoların yaradılması və mövcud stansiyalarda aparılan optimallaşma layihələri ilə ictimai nəqliyyatın cəlbediciliyinin artırılması da mühüm vəzifə kimi qarşıya qoyulur. Ölkə rəhbəri yerli televiziya kanallarına müsahibəsində nəqliyyat layihələrinin reallaşdırılması zamanı Bakının tarixi memarlıq ansamblının toxunulmaz saxlanılmasının zəruriliyini, tarixi abidələrin qorunmasının dövlət siyasətinin dəyişməz istiqaməti olduğunu da diqqətə çatdırıb. Dövlət başçısı eyni zamanda yol-nəqliyyat sisteminin idarə edilməsi və mikromobilliyin, yəni ictimai nəqliyyata üstünlük verilməsinin bir çıxış yolu ola biləcəyini də xatırladıb. 

Son illər Bakıda əlavə ictimai yerlərin yaradılması geniş vüsət alıb. Yeni parklar, ictimai zonalar, istirahət guşələri yaradılıb. Bu ərazilərin nəqliyyat infrastrukturu da paralel olaraq öz həllini tapıb. Bunu Mərkəzi Parkın timsalında görə bilərik. Vaxtilə bu ərazi çox ensiz və  dar küçələrdən ibarət idi. İndi çox geniş küçələr bu istiqamətdə, yəni Heydər Əliyev Sarayından da yuxarı istiqamətə getmək üçün çox geniş imkanlar yaradıb. Hazırda yeni salınmış Mərkəzi Parkın ətrafındakı köhnə tikililərin sökülməsi davam edir və burada da istirahət məkanları qurulacaq, yaşıllıqlar salınacaq, süni göllər və sairə yaradılacaq.

Paytaxtın iki geniş piyada zonası olan Fəvvarələr meydanı və Qış parkının optimal şəkildə birləşdirilməsi işləri gündəmdədir. Yaxın günlərdə şəhər sakinləri və qonaqların ən çox üz tutduğu məkanlardan biri olan İslam Səfərli küçəsi ilə bağlı dünya təcrübəsinə əsaslanan layihənin icrasına başlanılacaq.

XIX-XX əsrlərə aid tarixi tikililərin əhatəsində olan İslam Səfərli küçəsindəki avtomobil sıxlığı sakinlərə və şəhərimizə gələn turistlərə bu küçədə yerləşən tarixi abidələrlə tanış olmaqda çətinlik yaradır. Bu küçədə səkilər dar, piyada axını çoxdur. Bu səbəbdən hərəkət məhdudiyyəti yaranır.

Bütün bunları nəzərə alaraq, "Qış Parkı" və "Fəvvarələr meydanı" əlaqələndiriləcək, küçə tamamilə piyadalaşdırılacaq.  Həmçinin ərazidə mövcud olan ticarət və iaşə obyektlərinin fəaliyyətinə normal şərait yaradılacaq, sakinlərin və turistlərin tarixi abidələrə rahat ziyarəti,  gəzinti zamanı insanların təhlükəsizliyi tam təmin olunacaq.  Bundan başqa, İslam Səfərli küçəsinin digər küçələrlə kəsişdiyi yerlərdə avtomobillər üçün xüsusi təhlükəsiz keçidlər yaradılacaq. Bəzi parklanma yerləri əlçatanlıq saxlanılmaqla kəsişən küçələrə köçürüləcək, əlavə yerlər təşkil ediləcək. Eyni zamanda operativ və kommunal xidmət avtomobillərinin küçəyə daxil olması üçün normal şərait yaradılacaq.

Xatırladaq ki, 2026-cı il mayın 17-22-də Bakı yenidən dünyanın diqqətini özünə cəlb edəcək. Azərbaycan paytaxtında Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu tədbirlərindən biri - Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçiriləcək. Məzmununa və əhatə dairəsinə görə bu forum BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransından (COP) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur. Bu mühüm tədbirin Bakıda təşkili yalnız regional deyil, həm də qlobal miqyasda şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahələrində Azərbaycanın artan liderliyini nümayiş etdirir.

Forum Azərbaycanın şəhərsalma sahəsindəki öncül rolunun dünyaya təqdim edilməsi baxımından çox əhəmiyyətlidir. İştirakçılar şəhərsalma sahəsində ötən dövrdə əldə olunmuş təcrübələri müzakirə etmək və gələcək üçün yeni, innovativ həllər tapmaq imkanı əldə edəcəklər. Azərbaycan üçün isə WUF13 həm ölkəmizin qlobal şəhərsalma gündəliyindəki mövqeyini möhkəmləndirmək, həm də regionda dayanıqlı və "ağıllı şəhərsalma modelləri"ni təşviq etmək üçün əvəzsiz platformadır.

Rəhman SALMANLI, 

"Azərbaycan"

Seçilən
31
azerbaijan-news.az

1Mənbələr