AZ

Nərminə Mirzəliyeva: Rəsm dərnəyində uşaqların yaradıcılıq potensialı inkişaf etdirilir

Bakı, 13 yanvar, AZƏRTAC

“Son illər uşaqların incəsənətə, xüsusilə təsviri sənətə marağı nəzərəçarpacaq dərəcədə artıb. Bu maraq onların yaradıcılıq potensialının üzə çıxarılması baxımından olduqca vacibdir. Məhz bu məqsədlə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında fəaliyyət göstərən rəsm dərnəyimiz uşaqların yaradıcılıq bacarıqlarını aşkar edib inkişaf etdirməyə yönəlib. Dərnəyimizə 5 yaşdan 16 yaşadək olan uşaqlar qəbul olunur. Məqsədimiz uşaqların istedad və potensiallarını üzə çıxarmaq, onları bu sahədə mərhələli şəkildə inkişaf etdirməkdir”.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Bacarıqlı Əllər” adlı rəsm dərnəyinin müəllimi Nərminə Mirzəliyeva deyib.

O, dərnəkdə uşaqlara təsviri sənətin əsaslarının öyrədildiyini, onların fərdi bacarıqlarının isə diqqətlə izlənilərək istiqamətləndirildiyini deyib: “Dərnəyimizdə keçirilən rəsm dərslərində təxminən 100-ə yaxın şagird iştirak edir. Uşaqların marağı çox böyükdür. Dövlət Uşaq Filarmoniyasının üstün cəhətlərindən biri də odur ki, uşaqlar yalnız bir dərnəklə kifayətlənmir, ardıcıl olaraq bir neçə dərnəyə qatılaraq vaxtlarını daha səmərəli keçirə bilirlər”.

Onun sözlərinə görə, dərnək üzvləri müxtəlif müsabiqələrdə fəal iştirak ediblər. Tədris ilinin hələ yarısının tamamlanmasına baxmayaraq, şagirdlər artıq bir neçə yerli və beynəlxalq müsabiqədə iştirak ediblər. Onlardan biri beynəlxalq müsabiqədə “Qran-pri” mükafatına layiq görülüb.

Seçilən
21
azertag.az

1Mənbələr