AZ

Sədərək rayonunda ötən il ümumi məhsul buraxılışı 7,6 faiz artaraq 35 milyon 892 min manat olub

Naxçıvan, 13 yanvar, AZƏRTAC

Ötən il Sədərəkdə 1 yanacaqdoldurma məntəqəsi və 1 iaşə xidməti yaradılıb, yeni ictimai obyektlər və digər iş yerləri istifadəyə verilib, 3 uşaq-əyləncə qurğusu və 1 sadə tipli açıq hava idman qurğuları quraşdırılıb.

Sədərək Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Şəhidlər Memorial Abidə kompleksinin layihələndirilməsinə başlanılıb, Dəmirçi kəndində magistral və kənddaxili yolların işıqlandırılması layihəsi hazırlanıb.

Rayonda iqtisadiyyatın əsas inkişaf göstəricisi sayılan ümumi məhsul buraxılışı 2024-cü illə müqayisədə 7,6 faiz artaraq 35 milyon 892 min manat olub. Hesabat dövründə sənaye məhsulu 33,6 faiz, əsas kapitala yönəldilən vəsaitlərin dəyəri 38,1 faiz, pərakəndə ticarət dövriyyəsi 4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 0,1 faiz artıb. Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi və əlverişli biznes mühitinin yaradılması rayonda istehsal potensialını və məşğulluq səviyyəsini yüksəldib. Ötən il sənaye məhsulunun və sənaye xarakterli xidmətlərin dəyəri 9 milyon 461 min 900 manat olub ki, bunun da böyük hissəsi qeyri-dövlət sektorunun payına düşür. 2025-ci ilin məhsulu üçün Sədərək rayonunda 2 min 643 hektardan artıq sahədə əkin aparılıb.

 

Seçilən
40
azertag.az

1Mənbələr