Su yer üzündə həyatın əsasını təşkil edən ən fundamental təbii resursdur. İnsanların sağlamlığı, ekosistemlərin davamlılığı, bitki və heyvan aləminin mövcudluğu birbaşa sudan asılıdır. Lakin bu həyati əhəmiyyət daşıyan resurs sürətlə tükənir və qlobal su böhranı artıq XXI əsrin ən ciddi çağırışlarından birinə çevrilib.
Bu gün dünyada 2,2 milyard insanın təmiz içməli suya çıxışı yoxdur. Bu, demək olar ki, hər dörd nəfərdən birinin çirkli suyun yaratdığı sağlamlıq və sosial risklərlə üzləşməsi deməkdir. Su böhranının təsirləri xüsusilə aşağı gəlirli ölkələrdə daha kəskindir. Məsələn, Mərkəzi Afrika Respublikası və Çadda əhalinin 94 %-i təhlükəsiz içməli sudan məhrumdur. Asiya və Afrika qitələri bu böhrandan ən çox zərər çəkən regionlar olaraq ön plana çıxır. Asiyada 2 milyarddan çox insan davamlı su qıtlığı yaşayır, Afrikada isə əhalinin cəmi 39 %-i təhlükəsiz içməli sudan istifadə edə bilir. Qitə miqyasında bu göstəriciyə adekvat səviyyədə çatan yeganə ölkə Misirdir.
Dünya əhalisinin təxminən 50 %-i, bəlkə də daha çoxu, ayda ən azı bir dəfə su qıtlığı ilə üzləşir. Bu böhran ən ağır zərbəni isə uşaqlara vurur: hər gün beş yaşına qədər 1 000-dən çox uşaq çirkli sudan istifadənin fəsadları səbəbindən həyatını itirir.
İçməli su ehtiyatları niyə tükənir?
Yer səthinin 70 %-dən çoxunun su ilə örtülü olmasına baxmayaraq, bəşəriyyətin su qıtlığı ilə üz-üzə qalması paradoksal görünə bilər. Lakin bu paradoksun sadə izahı var: planetdəki suyun cəmi 3 %-i şirindir və onun da böyük hissəsi buzlaqlarda cəmlənib. Qlobal iqlim dəyişiklikləri isə bu ehtiyatları sürətlə azaldır.