AZ

Cevdet Yılmaz: İqtisadi artım strukturu Türkiyəni dünyanın bir çox ölkəsindən müsbət mənada fərqləndirir

Ankara, 13 yanvar, AZƏRTAC

Qlobal risklərə və qeyri-müəyyənliyə baxmayaraq, Türkiyə iqtisadiyyatı tarazlı artım modeli nümayiş etdirir ki, bu da ölkəni bir çox digər ölkədən fərqləndirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Mərkəzi Bankın son xarici ticarət balansı hesabatını şərh edərkən bildirib.

O, Türkiyənin cari hesab kəsirinin azaldığını, investorların Türkiyə iqtisadiyyatına inamının artdığını və xarici kapital axınını stimullaşdırdığını bildirib.

Vitse-prezident Mərkəzi Bankın hesabat məlumatlarının Türkiyə hökumətinin Ortamüddətli İqtisadi Proqramının məqsədləri və proqnozları ilə uyğunluğunu vurğulayıb.

“2025-ci ilin yanvar-noyabr ayları arasında Türkiyə iqtisadiyyatına birbaşa xarici investisiyaların axını ötən ilin eyni dövrü ilə müqayisədə 27,6% artaraq 12,4 milyard dollara çatıb”, - deyə Yılmaz bildirib. O qeyd edib ki, 2026-cı ilin daha da əlverişli göstəricilərlə yadda qalacağı gözlənilir. Siyasətçi vurğulayıb ki, Nazirlər Kabinetinin strateji prioritetlərinə enerji asılılığının azaldılması, yüksək əlavə dəyərli malların istehsalının artırılması və Türkiyənin ixrac potensialının inkişafı daxildir.

Yılmaz bildirib: “Həyata keçirilən islahatların nəticələri aydın olacaq, müsbət investisiya mühiti dəstəklənəcək və inflyasiyaya qarşı mübarizə konkret nəticələr verəcək”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
35
1
azertag.az

2Mənbələr