AZ

Yaxın gələcəkdə yağış sularından maksimum səmərəli istifadə qaçılmaz olacaq ŞƏRH

Bakı, 13 yanvar, AZƏRTAC

Bir neçə il əvvəl BMT-nin yayımladığı hesabatda dünyanın su böhranı və quraqlıq riski ilə üzləşə biləcək 50 ölkəsinin siyahısı təqdim olunmuşdu. Azərbaycan da həmin siyahıda yer alırdı. Bununla bağlı aparılan araşdırma və müşahidələr onu da deməyə əsas verir ki, ölkəmizdə ciddi su itkisi mövcuddur. Bəzi hallarda bu itkilər 45–50 faizə qədər çatır, hazırda isə orta göstərici təxminən 48 faizdir. Qarşıya qoyulan əsas strateji hədəf bu rəqəmin 20 faizə endirilməsidir və bu istiqamətdə artıq konkret addımlar atılır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Elman Sadıqov deyib.

Onun sözlərinə görə, su itkiləri əsasən iki mərhələdə baş verir: suların saxlanıldığı yerlərdə – yəni su anbarlarında və suların ötürüldüyü yerlərdə – kanallarda. Məhz bu səbəbdən hazırda ölkə üzrə bir çox kanallar yenidən qurulur, köhnə kanallar betonlaşdırılır və ya onların yerinə yeni beton kanallar salınır. Bu tədbirlər su itkilərinin əhəmiyyətli dərəcədə azalmasına, eyni zamanda, ətraf ərazilərdə torpaqların şoranlaşmasının qarşısını alır.

Ekspert yağış sularından səmərəli istifadəyə xüsusi diqqət çəkib: “Təəssüf ki, hazırda yağış sularının böyük hissəsi şəhərlərdə kanalizasiya sisteminə qarışır və itirilir. Halbuki bir çox ölkələrdə yağış suları ayrıca toplanaraq su anbarlarına yönləndirilir. Təbii şəkildə distillə olunmuş bu su ehtiyatlarının toplanması və müxtəlif ərazilərdən yönləndirilərək anbarlara ötürülməsi gələcək üçün son dərəcə faydalıdır. Yaxın gələcəkdə yağış sularından maksimum səmərəli istifadə qaçılmaz olacaq”, - deyə E.Sadıqov əlavə edib.

Onun sözlərinə görə, suvarma sistemləri də olduqca vacib məsələlərdəndir. Ölkəmizdə tədricən damlama suvarma sistemlərinə keçid baş verir. Bununla belə, bütün ölkə üzrə tam şəkildə yalnız bu sistemə keçidin mümkün olmadığı, təbiətdə müəyyən tarazlıqları poza biləcəyi məlumdur. Yeraltı suların dövriyyəsinin qorunması üçün suvarmanın müəyyən hissəsinin ənənəvi formada qalması daha məqsədəuyğundur.

E.Sadıqov, həmçinin qeyd edib ki, dünyada su amilinin getdikcə daha ciddi geosiyasi əhəmiyyət kəsb etdiyini nəzərə almaq lazımdır. Artıq bir sıra ölkələr arasında su resursları ilə bağlı gərginliklər mövcuddur və gələcəkdə münaqişələrin torpaq deyil, məhz su uğrunda aparılacağı ehtimal edilir.

“Bütün bunlar fonunda su təsərrüfatının inkişafı, yeni su anbarlarının tikintisi, mövcud infrastrukturun modernləşdirilməsi və bu sahəyə investisiyaların artırılması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilib. Bu baxımdan, su məsələsinin yüksək səviyyədə müzakirə olunması dövlətimizin başçısının bu sahəyə xüsusi əhəmiyyət verdiyini bir daha göstərir”, - deyə E.Sadıqov fikrini yekunlaşdırıb.

Seçilən
58
azertag.az

1Mənbələr