AZ

İranlı ekspert: Rəşt-Astara üç ölkənin dəmir yollarını birləşdirəcək

Bakı, 13 yanvar, AZƏRTAC

Rəşt-Astara dəmir yolu xətti tamamlanıb istismara verildikdən sonra Azərbaycan və Rusiyanın İranın cənubundakı (Körfəzdəki) dəniz limanları ilə nəqliyyat əlaqəsi yaranacaq və ticarət əlaqələri genişlənəcək.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı İranda fəaliyyət göstərən İntellektual İdarəetmə Mərkəzinin rəhbəri, beynəlxalq iqtisadiyyat üzrə ekspert Seyid Taha Hüseyin Madani deyib.

Onun sözlərinə görə, Rusiya ilə İran arasında 10 milyon ton yükün “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə daşınması haqqında razılıq əldə edilib.

“Bu yüklər İrana Xəzər dənizi vasitəsilə daşınacaq. Rəşt-Astara dəmir yolu xəttinin inşasının tezliklə başa çatdırılması zəruridir. Bu yol hazır olduqdan sonra İranın tranzit imkanları daha da artacaq. Rusiyadan İrana daşınan tranzit yüklər Xəzər dənizi ilə Ənzəli limanına daxil olur və burada yenidən qatara yüklənərək istiqamətindən asılı olaraq Çabahar və Bəndər Abbas limanlarına daşınır. Bu limanlarda yüklər təkrar olaraq gəmilərə yüklənir və yola salınır. Göründüyü kimi, tranzit yüklər bir neçə dəfə yüklənib boşaldılır ki, bu da həm vaxt aparır, həm də nəqliyyat xərclərini artırır. Lakin Rəşt-Astara yolu hazır olsa, Rusiyadan yüklər qatarla birbaşa İranın cənub limanlarına çatdırılaraq gəmilərlə yola salınar. Rəşt-Astara dəmir yolu İran-Azərbaycanın-Rusiya dəmir yollarını birləşdirəcək”, - deyə ekspert vurğulayıb.

Ekspertin sözlərinə görə, İranda dəmir yollarının təkmilləşdirilərək inkişaf etdirilməsi də zəruridir: “Ötən il (İran ili) bu marşrutla 11,5 milyon ton yük daşınıb. Rəşt-Astara yolu aktiv olsaydı, bu rəqəm dəfələrlə çox olardı. Hazırda İranda dəmir yollarının təkmilləşdirilməsi və yeni dəmir yollarının inşası davam edir. Ötən il Çabahar-Zahedan dəmir yolunun inşasına başlanılıb. Bu yol İranın Oman dənizi sahilində, Hind okeanına çıxışı və iri həcmdə yükaşırma imkanı olan Çabahar limanı ilə digər bölgələri birləşdirəcək. Rusiya və Avropadan Cənub-Şərqi Asiya ölkələrinə ixrac olunan yüklər Çabahar limanından, Körfəz ölkələrinə daşınan yüklər isə sahildəki Bəndər-Abbas limanından yola salınacaq. Hər iki istiqamətə yüklərin daşınması Azərbaycandan tranzit olaraq Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti ilə həyata keçiriləcək. Hələlik bu dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi aktivdir. Rəşt-Astara hissəsində isə işlər davam edir. Beynəlxalq sanksiyalar və İrandakı qeyri-sabit ictimai-siyasi vəziyyət yolun tikintisini ləngidir”.

Seçilən
58
azertag.az

1Mənbələr