AZ

Rusiyanın Novokuznetsk şəhərindəki doğum evində Yeni il tətili zamanı doqquz körpə ölüb

Moskva, 13 yanvar, AZƏRTAC

Yeni il tətili zamanı Rusiyanın Novokuznetsk şəhərindəki Q.P. Kurbatov adına 1 nömrəli Klinik Xəstəxanasının doğum evində doqquz yeni doğulmuş körpə ölüb.

AZƏRTAC xəbər verir ki, Kuzbass vilayətinin səhiyyə naziri körpələrin ölümü faktını təsdiqləyib.

Tənəffüs yolu infeksiyasının yayılması səbəbindən tibb müəssisəsi karantinə alınıb. Kuzbass qubernatoru İlya Serdyuk bildirib ki, xəstəxananın baş həkimi Vitali Xeraskov müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.

İlkin məlumatlara görə, uşaqların ölümünə kəskin respirator infeksiyası səbəb olub.

Qeyd olunur ki, bəzi günlərdə xəstəxanada sutkada üçə qədər yeni doğulmuş körpə ölüb.

“Roszdravnadzor” təşkilatı doğum evində tibbi yardımın təşkili ilə bağlı araşdırma başlandığını açıqlayıb. Prokurorluq və İstintaq Komitəsi tərəfindən də “Rospotrebnadzor” və “Roszdravnadzor” mütəxəssislərinin iştirakı ilə birgə araşdırmalar aparılır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
95
1
azertag.az

2Mənbələr