AZ

Bu il 500 min ev sənədləşdiriləcək - Bu proses əmlak bazarına necə təsir edəcək?

Azərbaycanda, xüsusilə də Bakı şəhərində sənədsiz evlərin sayı kifayət qədər çoxdur.  Bu məqsədlə, bu il 500 mindən çox çıxarışsız ev sənədləşdirilə bilər. Maraqlıdır ki, bu prosesin icrasına nə vaxt başlanılacaq? Sənədləşdirmə qiymətlərə də təsir edəcəkmi? 

Mövzu ilə bağlı Missiya.Az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc bildirib ki, prosedur qaydaları müvafiq dövlət qurumları tərəfindən müəyyənləşdirilir:

"Sadəcə olaraq bildirilib ki, bu il daşınmaz əmlak reyestrinin tam formalaşdırılması və sənədsiz evlər probleminin həlli ili ola bilər. Çünki hazırda 500 mindən çox sənədsiz ev mövcuddur. Bu evlər sənədləşdirilib dövlət reyestrindən çıxarışla təmin edildiyi təqdirdə, həmin mülkiyyət sahibləri eyni zamanda vergi ödəyicisinə çevrilə və əmlak reyestrinin tərkib hissəsi ola bilərlər. Bununla da vətəndaşlar həm mülkiyyət hüquqlarını rəsmiləşdirmiş, həm də müxtəlif məqsədlər, o cümlədən banklardan kredit götürmək üçün bu hüquqlardan istifadə etmək imkanı qazanmış olacaqlar".

V.Orucun sözlərinə görə, bu proses iqtisadi dövriyyəyə və ümumilikdə ölkə iqtisadiyyatına müsbət təsir göstərə bilər:

"Bununla bağlı artıq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti tərəfindən müəyyən addımlar atılıb, müvafiq portal yaradılıb. Qeyri-yaşayış sahələrinin sənədləşdirilməsinə Prezidentin göstərişi ilə start verilib və xeyli sayda sənədsiz qeyri-yaşayış sahəsi artıq rəsmiləşdirilib. Əslində, proses artıq başlayıb".

O vurğulayıb ki, sənədsiz yaşayış evlərinin sənədləşdirilməsi müvafiq dövlət qurumlarının birbaşa qərar və göstərişlərindən asılıdır:

"İl ərzində bu prosesdə müəyyən nəticələrin əldə olunması mümkündür. Sənədləşmə aparıldıqdan sonra həmin evlərin bazar qiymətində artım müşahidə olunacaq və daşınmaz əmlak bazarı vahid reyestr əsasında formalaşacaq.

Ümumiyyətlə, bütün dövrlərdə dövlət ərazisində mövcud olan əmlakın reyestri aparılır. Ölkəmizdə çoxlu sayda sənədsiz evlərin olması bu prosesə çətinlik yaradır. Evlər sənədlə təmin edildikdə isə həm əmlak reyestri tam formalaşacaq, həm mövcud problemlər aradan qalxacaq, həm də sənədləşdirilmiş əmlakların dəyəri artacaq",-deyə Vüqar Orucov əlavə edib.

Seyranə Quliyeva Missiya.Az

Seçilən
21
missiya.az

1Mənbələr