Britaniya Müdafiə Qərargahının rəisi Riçard Nayton atəşkəsdən sonra Britaniya qoşunlarının Ukraynaya göndərilə biləcəyini irəli sürüb. O, belə bir əməliyyat üçün əsgərlərə kifayət qədər təhlükəsizlik təmin etmək lazım olduğunu vurğulayıb...
Poliqon xəbər verir ki, bu barədə Sky News yazır.
Qeyd olunur ki, Nayton İcmalar Palatasının Müdafiə Komitəsinə Londonun belə bir əməliyyat keçirmək üçün kifayət qədər resursları olduğuna əminliyini bildirib. Lakin Britaniya mediası xəbər verir ki, Baş nazir Keir Starmer ilə söhbəti zamanı Birləşmiş Krallığın Müdafiə Qərargah rəisi növbəti dörd il ərzində ordunun 28 milyon funt sterlinq (təxminən 37 milyon dollar) kəsiri ilə üzləşəcəyini bildirib, lakin o, bu məlumatı fərziyyə adlandırıb.
Nəşr xatırladıb ki, ötən həftə Birləşmiş Krallıq mümkün atəşkəsə riayət olunmasını təmin etmək üçün qoşunlarını Ukraynaya göndərməyə hazır olduğunu təsdiqləyib.
Daha əvvəl Birləşmiş Krallığın müdafiə naziri Con Hili ölkəsinin Ukraynada qoşunların yerləşdirilməsi üçün hazırlıqların maliyyələşdirilməsinə 270 milyon dollar ayıracağını bildirmişdi. O, pulun nəqliyyat vasitələrinin və rabitə sistemlərinin modernləşdirilməsinə, eləcə də dronlardan qorunmağa və sülhməramlıların yerləşməyə hazırlığının təmin edilməsinə xərclənəcəyini bildirib.
Bundan əlavə, Hili Ukrayna istehsalı əsasında yaradılan, lakin Böyük Britaniyada istehsal olunan "Octopus" tutucu dronlarının istehsalına yanvar ayında başlayacağını açıqlayıb. Böyük Britaniyanın hər ay Ukrayna Silahlı Qüvvələrinə minlərlə belə dron göndərəcəyi güman edilir.
Poliqon.info