AZ

Ənənəvi Azərbaycan xalça ornamentinin dekonstruktiv interpretasiyası

Faiq Əhməd- “Liquid (Maye)”

Bakı, 13 yanvar, AZƏRTAC

Müasir incəsənətdə ənənə anlayışı artıq dəyişməz forma kimi deyil, interpretasiya və transformasiyaya açıq mədəni sistem kimi nəzərdən keçirilir. Xüsusilə Yaxın Şərq və Cənubi Qafqaz dekorativ sənət ənənəsinə aid ornamental strukturlar çağdaş sənət diskursunda yalnız etnoqrafik obyektlər kimi deyil, konseptual və semantik potensiala malik ifadə vasitələri kimi dəyərləndirilir. Bu kontekstdə Azərbaycan xalça sənəti öz zəngin ornament sistemi, simvolik dili və struktur sabitliyi ilə müasir bədii müdaxilələr üçün məhsuldar materiala çevrilib.

Faiq Əhmədin yaradıcılığı da məhz bu transformativ yanaşma üzərində qurulub. Rəssam ənənəvi xalça ornamentini estetik obyekt kimi deyil, mədəni kod daşıyıcısı kimi nəzərdən keçirir və onu müasir incəsənətin dekonstruktiv metodları vasitəsilə yenidən formalaşdırır. Bu kontekstdə onun “Liquid (Maye)” əsəri klassik Azərbaycan xalça kompozisiyasının struktur və ornament prinsiplərinin çağdaş konseptual düşüncə müstəvisində təhlil və transformasiyasına yönəlmiş proqram xarakterli işlərindən biridir.

Bu fikirlər Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas Kəmalə Mustafayevanın “Ənənəvi Azərbaycan xalça ornamentinin dekonstruktiv interpretasiyası” yazısında yer alın. AZƏRTAC yazını təqdim edir.

Bu əsər milli ornamentin sabit forma kimi deyil, zaman, məkan və mədəni kontekstlə qarşılıqlı əlaqədə dəyişən sistem olduğunu nümayiş etdirir. “Liquid (Maye)” ənənə ilə müasirlik arasında qarşıdurma yaratmaqdan daha çox, onların bir-birini tamamlayan və yenidən mənalandıran münasibətini ortaya qoyur. Beləliklə, əsər Azərbaycan xalça sənətinin müasir incəsənət diskursuna inteqrasiyası baxımından nəzəri və praktik əhəmiyyət kəsb edir. Əsərin əsasını ənənəvi Azərbaycan xalçasına xas kompozisiya quruluşu təşkil edir. Xalçanın yuxarı hissəsində mərkəzi kompozisiya oxu, simmetrik ornament sistemi və haşiyə zolaqları klassik kanonlara uyğun şəkildə saxlanılmışdır. Ornamentlərin quruluşu, rəng palitrası və ritmik təkrarlanma xüsusiyyətləri əsərin Qarabağ xalça məktəbinə yaxınlığını göstərir. Bu məktəb üçün səciyyəvi olan doymuş qırmızı fon, ağ və tünd mavi konturlar, stilizə edilmiş nəbati ornamentlər burada aydın şəkildə müşahidə olunur. Xalçanın ornamentləri yalnız dekorativ funksiya daşımır, eyni zamanda strukturlaşdırıcı element kimi çıxış edir. Mərkəzi sahədə ornamentlərin sıxlığı və haşiyə zolaqlarının ritmik ardıcıllığı klassik xalça kompozisiyasının daxili tarazlığını təmin edir. Bu mərhələdə əsər tam mənada ənənəvi xalça estetikasına sadiq qalır. Lakin əsərin aşağı hissəsində bu struktur qəsdən pozulur. Ornamentlər və rəng qatları aşağıya doğru axaraq deformasiya olunur, simmetriya dağıdılır, ornament sərhədləri qeyri-müəyyən hala gəlir. Bu deformasiya texniki qüsur deyil, şüurlu bədii müdaxilədir. Xalça burada sabit və funksional məişət əşyası statusunu itirərək instalyasiya xarakteri alır və məkanla vizual dialoqa girir.

Rəng həlli əsərin ideya yükünü gücləndirən əsas vasitələrdən biridir. Qırmızı rəng dominant olaraq qalır və ənənəvi xalça estetikasına istinad edir. Lakin aşağı hissədə rənglərin bir-birinə qarışması, konturların itməsi rəngin dekorativ funksiyadan çıxaraq konseptual məna daşımasına səbəb olur. Bu axıcılıq “maye” anlayışını yalnız fiziki deyil, mədəni və semantik səviyyədə də ifadə edir.

Material baxımından əsər real xalça toxuması üzərində qurulmuşdur. Faiq Əhməd ənənəvi toxuculuq texnikasını saxlayaraq formaya müdaxilə edir. Bu yanaşma onun yaradıcılığında əsas prinsipdir: ənənə texniki səviyyədə qorunur, lakin formal və məzmun baxımından transformasiyaya uğrayır. Beləliklə, rəssam xalçanı təsvir etmir, onun strukturunu yenidən formalaşdırır.

Konseptual baxımdan “Liquid (Maye)” əsəri mədəni yaddaş və zaman anlayışlarını ön plana çıxarır. Ornamentlərin axması ənənənin dağılması deyil, onun dəyişkən və canlı təbiətini göstərir. Əsər milli ornamentin donmuş, toxunulmaz forma kimi qəbuluna qarşı yönəlmişdir və ənənənin müasir dövrdə yenidən interpretasiya oluna biləcəyini nümayiş etdirir. Bu yanaşma postmodern dekonstruksiya prinsipləri ilə səsləşir. Klassik forma qorunur, lakin onun daxili qaydaları pozularaq yeni məna qatları yaradılır. Faiq Əhməd bu əsərlə Azərbaycan xalça sənətini lokal etnoqrafik obyekt statusundan çıxararaq qlobal müasir incəsənət diskursuna daxil edir.

Əsərin “Museum of Old and New Art” (MONA, Avstraliya) kimi beynəlxalq nüfuza malik məkanda nümayiş etdirilməsi onun konseptual və bədii dəyərinin qlobal səviyyədə qəbul edildiyini təsdiqləyir. “Liquid (Maye)” bu mənada milli ornamentin müasir sənət dili ilə transformasiyasının uğurlu nümunəsi kimi qiymətləndirilə bilər.

Seçilən
86
azertag.az

1Mənbələr