AZ

Abşeron: altı “qara qızıl", üstü “yaşıl enerji"

İlham ƏLİYEV: "...bundan sonrakı illərdə bərpaolunan enerji stansiyalarının Azərbaycanda tikintisi çox geniş vüsət alacaq"

Azərbaycanda bərpaolunan enerji potensialının səmərəli istifadəsi istiqamətində həyata keçirilən mühüm layihələrdən olan "Xızı-Abşeron" Külək-Elektrik Stansiyası ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi, karbon emissiyalarının azaldılması və "yaşıl enerji" strategiyasının icrası baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu mənada stansiyanın iki gün öncə Prezident İlham Əliyevin iştirakı ilə "Gülüstan" sarayında baş tutan açılış mərasimini Azərbaycanın bərpaolunan enerji sahəsində atdığı ardıcıl və məqsədyönlü addımların növbəti nümayişi kimi qiymətləndirmək olar. Stansiyanın istismara verilməsi ölkənin enerji balansında "yaşıl enerji"nin payının artmasına və ətraf mühitə mənfi təsirlərin azalmasına böyük təsir göstərəcək. Layihə Azərbaycanın dayanıqlı inkişaf hədəflərinə uyğun olaraq uzunmüddətli iqtisadi və ekoloji faydalar təmin etməyi nəzərdə tutur. 

Məlumat üçün bildirək ki, dünyanın ən böyük duzsuzlaşdırılmış su təchizatçısı olan "ACWA Power" şirkəti "yaşıl hidrogen" sənayesində novator və qlobal enerji keçidi üzrə liderdir. 2004-cü ildə Ər-Riyad şəhərində təsis edilmiş şirkət indiyəcən 4000-dən çox insanı işlə təmin edib. Hazırda şirkət Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiyanın 143 ölkəsində fəaliyyət göstərir. Öz strategiyalarını BMT-nin iqlim hədəflərinə uyğunlaşdıran "ACWA Power" su resurslarından rasional istifadəni təmin etmək və ətraf mühitə təsiri minimuma endirmək üçün qlobal səviyyədə bərpaolunan enerji layihələrini həyata keçirir. Hətta Özbəkistanda şirkətə məxsus kollec fəaliyyət göstərir. Təhsil müəssisəsi sırf "yaşıl enerji" üzrə ixtisaslı mütəxəssislər hazırlayır. 

Şirkətin Azərbaycanda həyata keçirdiyi əsas layihələrdən biri olan bu stansiyasının təməli 2022-ci ilin noyabrında qoyulub. Cəmi 3 il ərzində inşası tamamlanan stansiya Azərbaycanın "yaşıl enerji" sahəsindəki uğurlarından biri kimi qiymətləndirilir. Layihə çərçivəsində stansiyanın yerləşdiyi ərazilərdə geniş torpaq sahələri bərpaolunan enerji zonası kimi müəyyən edilib. Belə ki, Abşeron rayonunda 14,2, Xızıda isə 22,6 hektar olmaqla ümumilikdə 37 hektara yaxın ərazi külək enerjisi istehsalı üçün ayrılıb. Bu ərazilərdə müasir texnologiyalarla təchiz edilən və hər biri 6,5 MVt gücündə olan ümumilikdə 37 külək turbini quraşdırılıb. Onlardan 12-si Abşeronda, 25-i Xızıda yerləşir. Layihə çərçivəsində ölçü və müşahidə stansiyaları, eləcə də quşların mühafizəsinə yönəlmiş xüsusi sistemlər quraşdırılaraq ekoloji təhlükəsizliyin təmin edilməsinə xüsusi diqqət yetirilib.

Layihənin icrasına təxminən 340 milyon dollar həcmində xarici investisiya cəlb olunub ki, bu da Azərbaycanın enerji sektoruna beynəlxalq investorların artan marağının göstəricisi hesab edilir. Stansiyanın illik elektrik enerjisi istehsalı təqribən 1 milyard kilovat-saat səviyyəsində proqnozlaşdırılır. Bu isə hər il 220 milyon kubmetr təbii qaza qənaət edilməsinə və 400 min tondan artıq karbon qazı emissiyasının qarşısının alınmasına imkan verəcək.

"Xızı-Abşeron" "ACWA Power" tərəfindən Azərbaycanda inşa edilən ilk bərpaolunan enerji layihəsidir. Amma bu, ölkənin "yaşıl enerji" sektorunda son layihə olmayacaq. Şirkətin daha irihəcmli və strateji layihələri mövcuddur və Azərbaycan dövləti bu təşəbbüsləri tam dəstəkləyir. Dünyada bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən olan "ACWA Power" Azərbaycanın əlaqədar qurumları ilə sıx əməkdaşlıq edərək yeni enerji və infrastruktur layihələrinin reallaşdırılmasında maraqlı olduğunu nümayiş etdirir. Belə layihələrdən biri də ölkəmizdə ilk dəfə həyata keçiriləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsidir.

Stansiyanın inşasında baş podratçı "Power China" şirkəti olsa da, Azərbaycan energetiklərinin əməyini danmaq olmaz. Bu faktı Prezident İlham Əliyev stansiyanın açılış mərasimindəki çıxışında xüsusi vurğulayıb: "Nəzərə alsaq ki, bundan sonrakı illərdə bərpaolunan enerji stansiyalarının Azərbaycanda tikintisi çox geniş vüsət alacaq, əlbəttə, Azərbaycan energetiklərinin fəaliyyəti daim yüksək səviyyədə olmalıdır. Yəni burada biz çox uğurlu beynəlxalq əməkdaşlıq nümunəsini görürük. Onu da bildirməliyəm ki, bundan sonra bərpaolunan enerji növlərinin yaradılması ilə daha çox xarici investorlar məşğul olacaqlar. Halbuki Azərbaycan şirkətləri də bu məsələyə maraq göstərməyə başlamışlar və artıq bir neçə günəş-elektrik stansiyasının tikintisinə də başlanmışdır".

"Xızı-Abşeron" Külək- Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji istehsalında alternativ və ekoloji təmiz mənbələrin payının artırılmasına xidmət edir. Layihənin əsas əhəmiyyətli cəhətlərindən biri enerji təhlükəsizliyinin möhkəmləndirilməsidir. Külək enerjisindən əldə olunan elektrik enerjisi daxili tələbatın ödənilməsində mühüm rol oynayaraq ənənəvi enerji mənbələrindən asılılığın azalmasına şərait yaradacaq ki, bu da ölkənin uzunmüddətli enerji dayanıqlılığını təmin edən vacib amillərdəndir.

Stansiya ətraf mühitin qorunmsı baxımından çox mühüm üstünlüklərə malikdir. Külək enerjisi istixana qazları emissiyası yaratmayan təmiz enerji mənbəyidir. Ona görə də layihə Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə üzrə beynəlxalq öhdəliklərinə uyğun şəkildə karbon qazının azaldılmasına dəstək verir, ölkənin "yaşıl enerji" hədəflərinin reallaşmasında mühüm rol oynayır. Stansiya həm iqtisadi, həm də sosial faydalar verəcək. Əvvəla elektrik enerjisi istehsalında təbii qazdan istifadənin azalması onun ixrac imkanlarını genişləndirir. Digər tərəfdən, stansiya regionda yeni iş yerlərinin yaradılmasına və yerli infrastrukturun inkişafına xidmət edir. Ən əsası bu layihə xarici investorları Azərbaycana cəlb edir və müasir texnologiyaların ölkəyə gətirilməsinə şərait yaradır. 

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
40
azerbaijan-news.az

1Mənbələr