Bakı, 13 yanvar, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın administrasiyası hazırda Meksikadan Kubaya neft tədarükünü dayandırmaq niyyətində deyil.
AZƏRTAC xəbər verir ki, bu barədə Amerikanın CBS televiziya kanalı ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Nəşrdə qeyd edildiyi kimi, Vaşinqton administrasiyasının mövcud siyasəti “Meksikanın Kubaya neft tədarükünü davam etdirməsinə icazə verməkdən” ibarətdir. Telekanalın məlumatına görə, Venesuela Prezidenti Nikolas Maduronun ABŞ hakimiyyəti tərəfindən saxlanılmasından sonra Meksika Kubaya neftin əsas təchizatçısına çevrilib. CBS-in mənbələrindən biri bildirib ki, “ABŞ Kuba hökumətinin süqutuna nail olmağa çalışmır, əksinə Havana ilə mövcud siyasi sistemdən çıxış yolları barədə danışıqlar aparmaq niyyətindədir”.
Yanvarın 11-də Donald Tramp Kubanın artıq Venesueladan neft və maliyyə vəsaiti almayacağını açıqlayıb.