BAKI, 13 yanvar. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla bağlı mümkün hərbi addımlar atılmamışdan əvvəl diplomatik vasitələrdən istifadə olunmasının vacibliyini vurğulayaraq ABŞ Prezidenti Donald Trampa çağırış edib.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, Ağ Evin rəhbəri hazırda İranla bağlı konkret qərar qəbul etməsə də, mümkün zərbələr variantına daha çox meyillidir. Bununla yanaşı, Ağ Ev Tehranın nüvə proqramı üzrə danışıqlar aparılması ilə bağlı irəli sürdüyü təklifi də nəzərdən keçirir.
Nəşr yazır ki, Vaşinqtonda İranın nüvə proqramı ətrafında diplomatik prosesin bərpası ehtimalları müzakirə olunur.
Daha əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Levitt ABŞ-nin İranla bağlı seçimləri arasında aviazərbələrin də mövcud olduğunu açıqlamışdı.
Eyni zamanda, İran Xarici İşlər Nazirliyi Tehranın nüvə proqramı üzrə danışıqlara hazır olduğunu bəyan edib.