AZ

Azərbaycanda su itkiləri 38,6 faizə ÇATIR

Ajans.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov "Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib. "Bizim itkilərimiz 46 faizə yaxındır. Avropada bu, 3 faiz olduğu halda, Azərbaycanda 9 faiz səviyyəsindədir",- sədr vurğulayıb. O həmçinin bildirib ki,  Bakıdakı su və kanalizasiya sistemləri əsasən 1980-ci illərin sonuna qədər hazırlanıb və o gündən bu günə qədər yaşayış məntəqələrinin ərazisi 2,6 dəfə, əhalisi isə 2,1 dəfə artıb. "Əsas magistral xətlərin istismar müddəti çoxdan başa çatıb, müasir nəzarət sistemləri də standartlara heç bir şəkildə cavab vermir. Bunların çoxunun ömrünün 40-50 il olmasını nəzərə alsaq, onların istismar müddəti artıq başa çatmışdır. Əsas kollektorların maksimal ötürücülük qabiliyyəti, formalaşan su miqdarının az olması təbii ki, həm yuxarıda göstərdiyimiz kimi əhalinin artması, həm də yağış sularının həmin kollektora axıdılması ilə əlaqədardır",- Mikayılov bildirib. Mikayılov vurğulayıb ki, içməli suya olan əlçatanlıq Azərbaycanda 73,4 faiz, təxminən 74 faiz, Avropa İttifaqında isə 95 faizdir. Fasiləsiz su təminatı Azərbaycan üzrə 72,5 faiz, Bakı və Abşeronda, - Siz də qeyd etdiniz, - 70 faizdir. Bunun fərqli olmasının səbəbi son illərdə rayonlarda, bölgələrdə aparılan böyük quruculuq işləridir. Odur ki, orada fasiləsiz suya əlçatanlıq daha yüksəkdir. Bizdə sayğaclaşdırma Avropa İttifaqı ilə müqayisədə daha yüksək səviyyədədir – 91,9 faiz, təxminən 92 faizə çatmaqdadır. Bu xəritədən göründüyü kimi, xidmət göstərilən əhali Bakı və Abşeron yarımadasında 91 faiz olduğu halda, normalara cavab verən əhaliyə xidmətimiz 74 faiz səviyyəsindədir.  Ərazi olaraq 77 faizi əhatə etdiyi halda, tikinti normalarına cavab verən əhatə dairəmiz, sadəcə, 40 faiz səviyyəsindədir.",- o vurğulayıb. O əlavə edib ki, Bakı və Abşeron yarımadasında kanalizasiya sistemlərinin sadəcə, 52 faiz əhaliyə xidmət göstərilir. Ərazi olaraq isə, sadəcə, 39 faiz xidmət göstərə bilirik.

"Bu rəqəmlər Avropa İttifaqında daha yüksəkdir. Bütün bunlar bizim bu proqramın qəbul edilməsini və uzun müddətdir bu işləri həyata keçirərək bütün bu zonaların əhatə edilməsini şərtləndirən əsas amillərdən biridir.  Bakı və Abşeron yarımadasında 300-dən çox göl mövcuddur ki, bunlar da təbii olaraq sutoplayıcı funksiyalara malikdir. Amma 2014-cü illə 2025-ci illər arasında burada bəzən qeyri-qanuni və ya bəzən plansız genişlənmələr nəticəsində bir neçə göl qurudularaq ərazi zəbt olunmuş, tikintilər aparılmışdır. Bu da öz növbəsində intensiv yağışlar yağdığı zaman həmin bölgələrin və bu ərazilərin subasmaya məruz qalmasını şərtləndirir",- sədr vurğulayıb.

Seçilən
21
Ajans.az

1Mənbələr