AZ

Naxçıvan şəhərinin 2025-ci il üzrə sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub

Yanvarın 12-də Naxçıvan şəhərində “2025-ci ildə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr” mövzusunda hesabat tədbiri keçirilib.

APA xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 13-cü ərazi sektorunun müdiri Çingiz Əliyev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, Ali Məclisin deputatları, şəhər rəhbərliyi, idarə və müəssisə rəhbərləri, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək xatirəsini ehtiramla anıblar. Daha sonra icra hakimiyyəti binasında 2025-ci ildə şəhərin sosial-iqtisadi inkişafına həsr olunmuş sərgi ilə tanışlıq olub. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Hesabat məruzəsi ilə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev bildirib ki, 2025-ci ildə şəhər üzrə ümumi məhsul buraxılışı əvvəlki illə müqayisədə 9,9 faiz artaraq 690 milyon 428 min 700 manat təşkil edib. Əsas kapitala yönəldilən investisiyalar 41,7 faiz artaraq 228 milyon 271 min 300 manata çatıb, tikinti-quraşdırma işlərinə yönəldilən vəsait isə 14,7 faiz artımla 149 milyon 443 min 400 manat olub.

Onun sözlərinə görə, sənaye məhsulu istehsalı 14,3 faiz artaraq 240 milyon 250 min 700 manat təşkil edib. Hesabat dövründə rabitə və informasiya xidmətlərində 4,3 faiz, pərakəndə ticarət dövriyyəsində 4,1 faiz, ictimai iaşə dövriyyəsində 2,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərdə isə 0,3 faiz artım qeydə alınıb.

Cabbar Musayev ötən il şəhərdə 14 yeni istehsal və xidmət sahəsinin yaradıldığını, 4 sahədə fəaliyyətin genişləndirildiyini, daha 14 yeni və 6 genişləndirilən layihə üzrə işlərin davam etdiyini bildirib. Yanvar–sentyabr aylarında şəhərdə ümumilikdə 589 yeni iş yerinin açıldığı, bir işçiyə düşən orta aylıq nominal əməkhaqqının isə 886,2 manat olduğu qeyd edilib. O, sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrdə görülmüş işlər və qarşıda duran vəzifələr barədə də ətraflı məlumat verib.

Naxçıvan Şəhər Maliyyə İdarəsinin rəisi vəzifələrini müvəqqəti icra edən Məmmədnağı Əkbərov 2025-ci il üzrə yerli büdcənin icrası və 2026-cı il üçün büdcə göstəriciləri barədə məlumat verib. Bildirilib ki, 2025-ci ildə yerli büdcə gəlirləri 50 milyon manat plana qarşı 63 milyon 149 min 640 manat olmaqla 126,3 faiz icra edilib. Xərclər isə təsdiqlənmiş 18 milyon 386 min 500 manata qarşı 14 milyon 479 min 670 manat təşkil edib. 2026-cı il üçün yerli büdcə gəlirləri 62 milyon manat, xərclər isə 17 milyon 499 min 500 manat olaraq müəyyənləşdirilib.

Tədbirdə çıxış edən Ceyhun Cəlilov qeyd edib ki, ötən il “Konstitusiya və Suverenlik İli” ilə yanaşı, 8 avqust tarixində Qarabağ münaqişəsinə son qoyulması və Cənubi Qafqaza sülhün gəlməsi ilə Azərbaycan tarixində mühüm mərhələ kimi yadda qalıb. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı dövlətçilik və sosial-iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyevin idarəçilik fəlsəfəsinin əsasını təşkil edir və bütün islahatların mərkəzində vətəndaş rifahının yüksəldilməsi dayanır.

Ceyhun Cəlilov “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində dayanıqlı inkişafın təmin olunması, məşğulluğun artırılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsinin əsas prioritetlər olduğunu bildirib. O, sahibkarlara vergi və gömrük güzəştləri, sosial sığorta subsidiyaları, Naxçıvan Sənaye Parkının yaradılması, enerji və nəqliyyat infrastrukturunun yenilənməsi, eləcə də mədəni irsin qorunması istiqamətində görülən işləri qeyd edib.

Sonda 2025-ci ildə Naxçıvan şəhərinin sosial-iqtisadi və mədəni inkişafı, ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlərə dair videoçarx nümayiş etdirilib.

Naxçıvan Naxçıvan Naxçıvan Naxçıvan Naxçıvan Naxçıvan Naxçıvan
Seçilən
33
4
apa.az

6Mənbələr