AZ

“Dünya Azərbaycanlılarının Həmrəyliyi dövlət siyasətinin əsas prioritetlərindəndir”- Elmar Məmmədov

Prezident İlham Əliyev jurnalistlərə verdiyi son müsahibəsində Dünya Azərbaycanlılarının Həmrəylik Gününün mahiyyətinə toxunaraq bildirib ki, bu gün bütün dünyaya səpələnmiş azərbaycanlıların milli kimliyini, vətənə bağlılığını və birliyini nümayiş etdirən mühüm bir rəmzdir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan dövləti harada yaşamasından asılı olmayaraq hər bir soydaşının arxasındadır və onların həmrəyliyi ölkənin milli gücünün ayrılmaz tərkib hissəsidir.

Məhz bu strateji baxışın real təzahürü kimi Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının Qurultayı təkcə bir toplantı deyil, qlobal miqyasda ünvanlanmış siyasi və mənəvi mesaj idi. Şuşa bu dəfə də dünya azərbaycanlılarını vahid məqsəd ətrafında birləşdirən ideoloji mərkəz rolunu oynadı.

Şuşa bu gün təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də bütün dünya azərbaycanlılarını bir ideya ətrafında birləşdirən güclü siyasi və mənəvi mesajların ünvanına çevrilib. Məhz bu baxımdan Şuşada keçirilən Dünya Azərbaycanlılarının Qurultayı tarixi əhəmiyyət daşıyan bir hadisə kimi yadda qaldı.

“Azərbaycan–Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Editor.az-a açıqlamasında bildirib ki, Şuşada keçirilən Dünya Azərbaycanlılarının Qurultayı bir neçə mühüm mesajı özündə ehtiva edirdi. Onun sözlərinə görə, bu qurultay bir daha sübut etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təkcə ölkə daxilində yaşayan 10 milyon azərbaycanlının deyil, bütün dünyaya səpələnmiş 50 milyonluq Azərbaycan xalqının Prezidentidir:

“Bu mesajın əsas mahiyyəti ondan ibarət idi ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı unutmamalıdır: onun Vətəni Azərbaycandır. Dünya azərbaycanlıları bir yumruq kimi birləşməli, milli maraqlar naminə həmrəy olmalıdırlar. Prezident İlham Əliyevin göstərişi ilə Şuşada keçirilən simpoziumlar, “Şuşa Günləri” kimi mədəni tədbirlər bu birliyin praktik təzahürüdür.

Bu təşəbbüslər təkcə Azərbaycanda deyil, xaricdə də, o cümlədən Ukraynada geniş şəkildə təşkil olunub. Ukraynada keçirilən tədbirlər böyük formatda baş tutub, digər şəhərlərdə isə nisbətən kiçik miqyasda təşkil edilsə də, məqsəd dəyişməyib — Azərbaycan mədəniyyətinin xaricdə yaşayan soydaşlarımıza çatdırılması.

Bu tədbirlər böyük maraqla qarşılanıb. İnsanlar təkcə dəvət olunduqları üçün deyil, həqiqi maraq və həvəslə iştirak ediblər. Tədbirlərin keçiriləcəyi vaxt və məkan barədə davamlı suallar verilir, hətta Kiyev kimi uzaq şəhərlərdən belə insanlar bu görüşlərə qatılmaq üçün yola düşürdülər.

Bu fakt bir daha göstərir ki, Şuşadan başlayan milli birlik çağırışı dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların qəlbində öz əks-sədasını tapır”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
30
editor.az

1Mənbələr