Musavat.com xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Andrius Kubiliusun sözlərinə görə, Aİ 100 min nəfərlik daimi hərbi qüvvə yaratmalı, müdafiə sahəsində qərarverməni sürətləndirməli və Böyük Britaniyanı da yeni strukturun tərkibinə cəlb etməlidir.
İsveçdə keçirilən təhlükəsizlik konfransında çıxış edən Kubilius Avropanın hazırkı vəziyyətini "27 bonzai ordusu" kimi səciyyələndirib və bunun Rusiyanın aqressiyası fonunda qəbuledilməz olduğunu bildirib.
O, Avropada müdafiənin ABŞ modelinə yaxınlaşdırılmasını təklif edərək deyib:
"Əgər ABŞ-də federal ordu əvəzinə 50 ştat ordusu olsaydı, Amerika daha güclü olardımı? Əgər cavab "yox"dursa, bəs biz niyə gözləyirik?"
Andrius Kubiliusa görə, Aİ-nin müdafiə hazırlığı üç dayağa söykənməlidir: daha çox investisiya, daha koordinasiyalı institutlar və real siyasi iradə. Sadəcə müdafiə xərclərini artırmaq kifayət etmir - əsas problem birgə əməliyyat qabiliyyətinin olmamasıdır.
Siyasi qərarverməni sürətləndirmək üçün Kubilius "Avropa Təhlükəsizlik Şurası"nın yaradılmasını təklif edib. Bu şura daimi üzvlər, rotasiya edilən ölkələr və Avropa Komissiyası ilə Avropa Şurası rəhbərliyindən ibarət ola bilər. O, Britaniyanın da bu qurumda təmsil olunmasını vacib saydığını bildirib.