Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi ilə Sankt-Peterburqda keçirilən görüşdən əvvəl 8 gün ərzində ictimai tədbirlərdə görünməyib.
Musavat.com xəbərverir ki, bu barədə komp1 saytı məlumat yayıb.
Bildirilir ki, Kremlin rəsmi saytında dərc olunan xəbərlərin təhlilinə əsasən, 2025-ci ilin əvvəlindən bəri prezident artıq ikinci dəfə uzun müddət ictimaiyyətin gözündən itib. Əvvəlki üç ildə Putinin iş qrafikində ilin ilk aylarında bu qədər uzun fasilələr qeydə alınmayıb.
Məlumata görə, Putin sonuncu dəfə Çinin xarici işlər naziri Vanq Yi və Serb Respublikasının prezidenti Milorad Dodiklə görüşüb. Aprelin 1-dən sonra isə Kreml əsasən əvvəlcədən lentə alınmış kimi görünən görüşlərə dair süjetlər yayıb. Aprelin 1–9 tarixlərində Putinin Buryatiya rəhbəri Aleksey Tsydenov, Rusiya İxrac Mərkəzinin baş direktoru Veronika Nikişina, mədəniyyət naziri Olqa Lyubimova, “Aeroflot”un rəhbəri Sergey Aleksandrovski və Moskva vilayətinin qubernatoru Andrey Vorobyovla görüşləri rəsmi saytda dərc edilib. Bu görüşlərin əvvəlcədən çəkildiyi iddia olunur.
Qeyd edilir ki, prezident sonuncu dəfə bu qədər uzun müddət Yeni il bayramları zamanı – dekabrın 29-dan yanvarın 8-dək ictimaiyyətə görünməyib. Ümumilikdə, ilin əvvəlindən bəri Putin kütləvi tədbirlərdə iştirak üçün 42 gün ayırıb.
Müqayisə üçün bildirilir ki, 2024-cü ildə ilin əvvəlində ardıcıl beş gündən çox fasilə olmayıb, 2023-cü ildə ən uzun fasilə martın 23–29-u əhatə edib, 2022-ci ildə isə yalnız Yeni il tətillərində uzunmüddətli fasilə müşahidə olunub.
“INSIDER-T” Telegram kanalı Putinin bu müddətdə Soçidə olduğunu və beynəlxalq təmaslara hazırlaşdığını iddia edir. Digər mənbələr isə bildirir ki, Rusiya lideri Donald Trampın ticarətlə bağlı qərarlarını şərh etməmək üçün ictimaiyyət qarşısına çıxmayıb. Mənbələrin sözlərinə görə, Putin dünya bazarlarındakı qeyri-sabitliyə mənfi yanaşsa da, hələlik mövqeyini açıq şəkildə ifadə etməyib.
Xatırladaq ki, aprelin 11-də Vladimir Putin və Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff arasında 4 saatdan çox davam edən qapalı görüş keçirilib. Görüşdə Ukraynadakı münaqişənin həlli və Rusiya–ABŞ liderləri arasında mümkün təmaslar müzakirə olunub.
DOĞRU.AZ