21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
AFFA-nın yaydığı məlumatda “Səbail”in oyunçusu Emin Rüstəmovun əvəzinə “Qəbələ”nin üzvü Ceyhun Bağırzadənin yığmaya cəlb olunduğu bildirilib.
Buna baxmayaraq, U-21-in kapitan sarğısını daşıyan Rüstəmovun hansı səbəbdən millidən uzaq düşməsi məlumat verilməyib.
Sportinfo.az əsl səbəbi öyrənməyə nail olub.
Eminin toplanışdan kənar qalması iş yerini dəyişməsi ilə bağlıdır.
Mövsümün ilk yarısında I Liqada “Səbail”in şərəfini qoruyan 21 yaşlı müdafiəçi cari “futbol ili”nin sonuna qədər “Karvan-Yevlax”ın uğurları üçün tər tökəcək.
Premyer Liqa təmsilçisi Emini “Səbail”dən 5 aylıq icarəyə götürüb. Millinin hazırlığından kənar qalması da buna görədir.
Rüstəmov yeni komandasına uyğunlaşmaq, təlim-məşq toplanışında iştirak etmək üçün U-21-in baş məşqçisi Rəşad Eyubovdan icazə alıb.
Yığmanın toplanışı əsasən seleksiya xarakteri daşıdığından, baş məşqçi kapitanın müraciətinə isti yanaşaraq icazə verib, ona klub karyerasında uğurlar arzulayıb.
HƏBİB